
"Turan Tovuz" ardıcıl 10-cu oyunda da qələbə qazana bilmədi.
Bölgə klubu bu dəfə doğma meydanda "Neftçi" ilə bacarmadı - 1:2.
Göstərilən bərbad oyun, uğursuz nəticələr yerli publikanı bərk qəzəbləndirib.
Tərəfdarlar ürək sözlərini klubun rəsmi hesablarına yazmaqla rahatlıq tapmağa çalışıb.
Arasında sərt təqidlə bərabər, təhqirə keçənlər belə var.
Təbii ki, etik çərçivəsinə aşmayan şərhlərin bir qismini sizə təqdim edirik:
"Problemlər çoxdur. Lazımsız oyunçuları gətirib pul qazananlar kimlərdi? Otto Conu bəyənmirdiniz, amma o gedəndən uda bilmirsiniz. Nadir Nəbiyevi niyə uzaqlaşdırdılar? Əziyyəti çox idi, amma qalması sərf etmədi".
"Bu komanda Avropaya belə oyunla getməsə yaxşıdır. Yayda bütün oyunçuları rədd edin. Normal transferlər lazımdır".
"Üzünüz ağ olmasın. Bu qədər azarkeş sizi dəstəkləməyə gəlir. Dərdiniz nədir, niyə oynamırsınız?".
"Uzun müddətdir televiziyadan oyuna baxmırdım. Bütün incə detalları görmək mümkün oldu. Düşünürəm ki, müdafiəçilər xaric heyəti dəyişmək lazımdır".
"Oynadığınız oyundan utanın. Keçirdiyimiz həyəcan, ürəkağrısı, azarkeş haqqımız sizə qənim olsun".
"Bu oyunla Avropada yox, Kürdəxanıda məşq edə bilərsiniz".
"Sizə yaradılan şərait istənilən azərbaycanlı baş məşqçiyə verilsəydi, indi "Turan" azı gümüş medalı qazanmışdı. Deyiləsi söz yoxdur. Minimum büdcə ilə Ayxan Abbasov belə bu qədər pis nəticə göstərməmişdi".
XANOĞLAN / SPORTİNFO.AZ