"Qarabağ" iki dəfədən çox… Bunlar da üzə çıxdı!

27 Dekabr 2023 02:30 Azarkeş 585
"Qarabağ" iki dəfədən çox…  Bunlar da üzə çıxdı!

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısında keçirilən 90 oyunu ümumilikdə 133733 azarkeş izləyib.

Sportinfo.az xəbər verir ki, “report”un araşdırmasına görə, ev matçlarına toplaşan tamaşaçı sayı baxımından “Turan Tovuz” hamını qabaqlayır.

Lider ən yaxın izləyicisini iki dəfədən çox qabaqlayır

Qərb klubunun Tovuzda baş tutan 9 qarşılaşmasına 38900 nəfər gəlib. Bu siyahıda ikinci yeri “Neftçi” tutur. Ancaq tovuzlularla bakılılar arasında iki dəfədən çox fərq var. İlk “üçlüy”ün sonuncusu olan “Qarabağ” rəqibləri ilə müqayisədə ən çox ev görüşünə çıxan komandadır. Ağdam təmsilçisinin 18 matçdan 10-u doğma arenasında baş tutub. Əvəzində “Kəpəz” səfərdə daha çox oynayıb. Gəncə təmsilçisi evdə 8 görüş keçirib.

Premyer Liqa iştirakçılarının yarısı mövsümün ilk yarısında heç 10000 tamaşaçı sayına çata bilməyib. Ən az azarkeş “Araz-Naxçıvan”ın ev oyunlarında qeydə alınıb. Naxçıvan təmsilçisinin rəqiblərini əsasən “Dalğa Arena”da qəbul etməsinin də bunda rolu böyükdür.

1. “Turan Tovuz” (9 oyun) – 38900
2. “Neftçi” (9 oyun) – 17196
3. “Qarabağ” (10 oyun) – 14418
4. “Sabah” (9 oyun) – 14178
5. “Sumqayıt” (9 oyun) – 11836
6. “Kəpəz” (8 oyun) – 9625
7. “Zirə” (9 oyun) – 8480
8. “Səbail” (9 oyun) – 8100
9. “Qəbələ” (9 oyun) – 6180
10. “Araz-Naxçıvan” (9 oyun) – 4820

Turlar üzrə azarkeş sayı
Birinci yarıda ən çox azarkeş XI turda toplaşıb. Həmin vaxt oyunlara ümumilikdə 13750 tamaşaçı gəlib. “Turan Tovuz”la “Kəpəz” arasındakı qərb derbisi, “Neftçi” - “Sabah” görüşünün olması və “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionuna salınması bunda həlledici rol oynayıb.

Ümumilikdə cəmi iki turda azarkeş sayı 10000-i keçib. VI turda tribunalarda 10950 nəfər qeydə alınıb. XII tur isə tamaşaçılar üçün ciddi marağa səbəb olmayıb. Təsadüfi deyil ki, həmin turun 5 matçına ümumilikdə 4560 nəfər toplaşıb.

I tur: 6405
II tur: 4800
III tur: 6400
IV tur: 8700
V tur: 6426
VI tur: 10950
VII tur: 5750
VIII tur: 8840
IX tur: 9600
X tur: 9374
XI tur: 13 750
XII tur: 4560
XIII tur: 8057
XIV tur: 6334
XV tur: 6420
XVI tur: 4750
XVII tur: 6717
XVIII tur: 5900

10 komandaya 11 stadion

Bu mövsüm 3 komanda rəqiblərini iki arenada qəbul edib. Bunlar “Qarabağ”, “Araz-Naxçıvan” və “Kəpəz”dir. Ağdam təmsilçisi həm “Azərsun Arena”dan, həm də Tofiq Bəhramov adına Respublika stadionundan yararlanıb. Naxçıvanlılar da bir ev qarşılaşmasını mərkəzi arenada keçiriblər. “Kəpəz” isə Gəncə şəhər stadionundakı yenidənqurma ilə əlaqədar sonradan ev oyunlarını Tovuzda keçirib.

“Səbail”, “Sabah”, “Zirə”, “Neftçi”, “Qəbələ”, “Turan Tovuz” və “Sumqayıt” doğma məkanlarına sadiq qalıblar. 10 komanda ümumilikdə 11 stadiondan istifadə edib.

Ən çox azarkeş toplaşan oyun

Mövsümün ilk yarısında ən çox tamaşaçı “Turan Tovuz” – “Qarabağ” oyununda olub. X tur çərçivəsində Tovuz şəhər stadionunda keçirilən görüşə 6000 tamaşaçı toplaşıb. Bu da hələlik mövsümün rekordudur. İkinci sırada da “Qarabağ”ın səfər matçı qərarlaşıb. Ağdamlıların əzəli rəqib “Neftçi” ilə “Neftçi Arena”da gerçəkləşən qarşılaşmasında 5400 azarkeş olub. “Turan Tovuz”un daha üç görüşünə isə 5000 nəfər gəlib.

Ən az maraq XV turun “Araz-Naxçıvan” – “Səbail” qarşılaşmasına olub. Həmin matçı tribunalardan cəmi 120 azarkeş izləyib. Naxçıvanlıların daha iki oyununa 150 tamaşaçı toplaşıb. “Səbail”lə “Qarabağ”ın hərəsinin bir ev görüşünə isə 200 azarkeş canlı baxıb.

Digər Xəbərlər
Xəbər Lenti