SƏRT ETİRAZ: "Haqsızlığı qəbul etmirik" - FOTO

23 Dekabr 2023 09:40 Azarkeş 421
SƏRT ETİRAZ: "Haqsızlığı qəbul etmirik" - FOTO

Bu mövsüm Azərbaycan Premyer Liqasında ən çox hakim səhvləri ilə üz-üzə qalan klub "Turan Tovuz" olub.

Hətta referilərin yalnış qərarlarından yorulan klub bir müddət əvvəl bəyanat yayımlamışdı.

İdarəçilikdə ciddi dəyişiklik olmayınca, bu dəfə bölgə klubunun tərəfdarları hərəkətə keçib.

Belə ki, Premyer Liqanın 18-ci turunun "Araz Naxçıvan"la matçından əvvəl "Turan Tovuz" azarkeşləri bəyanat yayıblar.

Sportinfo.az-a açıqlamasında fanklub rəhbəri Kamal Saqqayev bu addımı atmalarını belə izah edib:

"Mövsümün əvvəlindən hakim ədalətsizliyi ilə üzləşirik. Dəfələrlə klubumuz rəsmi etiraz bildirsə də səhvlər kritik həddə çatır.

Məhz bu səbəbdən bəyanat yaymağı lazım bildik. Mindən çox azarkeş bəyanata imza atıb. Orda da qeyd olunduğu kimi biz ayrıcalıq istəmirik, ədalətli hakimlik tələb edirik".

Bəyanatı təqdim edirik:

110 ildən çox tarixi olan Tovuz futbolu nailiyyətləri və yetişdirdiyi futbolçularla yanaşı nümunəvi azarkeşləri ilə də daim özundən söz etdirib.

Oynadığı liqadan, maddi vəziyətindən asılı olmayaraq daim komandasının yanında olan biz azarkeşlərin bir şüarı olub “Biz çempionluq həsrəti ilə yaşamırıq, varlığın bizə yetər”.

Komandamız 9 il Premyer Liqadan kənarda qalanda da daim tribunaları dolduran, demək olar hər tur azarkeş rekordu qıran da bizlər olmuşuq.

Tovuz futbolunun Azərbaycan futbol elitasına necə yaraşdığını ötən mövsüm Premyer Liqaya vəsiqə qazandığımız gündən bütün futbol ictimaiyyəti şahid olur.

Hər ev oyunumuz dolu tribunlarla bayram ab-havasında keçir. Nəticəsindən asılı olmayaraq həm ev, həm də səfər oyunlarında komandamızı dəstəkləməyi özümüzə borc bilmişik.

Yeni sponsorun gəlişindən sonra klubumuzun işıqlı gələcəyi haqda ümidlərimiz daha da artıb. Klubun uzunmüddətli inkişaf strategiyasını dəstəkləyir,

Tovuz futbolunun əvvəlki əzəmətini özünə qaytaracağından şübhə etmirik. Bütün bunlara baxmayaraq komandamıza qarşı hakimliklə bağlı yaşanan neqativ hallar bizi çox narahat edir.

Son oyunlardakı hakim səhvləri həm komandamızın vacib xallar itirməsinə səbəb olur, həm də bizi dərindən üzür. Klubumuz bununla bağlı bir neçə dəfə rəsmi etiraz bildirsə də nəticəyə təsir edən səhvlərin sayı getdikcə artır.

“Turan Tovuz” azarkeşləri olaraq AFFA-ya və futbol ictimaiyyətinə müraciət edirik. Klubumuz hər zaman olduğu kimi ölkə futbolunun inkişafı yönündə böyük işlər görür.

Fəaliyətin güzgüsü olan əsas komandamıza qarşı haqsızlığı qəbul etmirik. Hər kəsin gözü qarşısında yaşanan səhvlər bizi daha da hiddətləndirir.

Odur ki, hakim səhvlərinin minimuma endirilməsi üçün rolu olan hər kəsin öz üzərinə düşəni etməsini xahiş edirik. Ayrıcalıq istəmirik, təmiz futbol, ədalətli qərarlar tələb edirik!".

Digər Xəbərlər
Xəbər Lenti