Azərbaycan futbolunu məhvə sürükləyənlər – Ucuz bəhanə!

18 Fevral 19:00 Azərbaycan Futbolu 2 324
Azərbaycan futbolunu məhvə sürükləyənlər – Ucuz bəhanə!

İndi də limit məsələsi gündəmə gəlib.

Klublar Komitəsinin sonuncu iclasında hazırda qüvvədə olan 7 legioner + 4 azərbaycanlı tələbinin növbəti mövsümdən etibarən başqa sxemlə (8+3) əvəzlənməsi müzakirə olunub.

Rəmsilər hazırkı limiti yerli futbolçuların çatışmazlığı və süni qiymət (maaş) artımı ilə əlaqələndirirlər. Ki, hazırkı tələbə yenidən baxılsın, hansısa dəyişiklik edilsin.

Bu, onsuz da şikəst olan Azərbaycan futbolunun məhvi deməkdir, başqa adı yoxdur.

Klubların az qala hamısı avrokuboklara iddia edir. Kimi dindirirsən, yaydakı 4 xoşbəxtdən biri olmaq istədiyini deyir. Ona görə də olan-qalan ümidlərini əcnəbilərə baöğlayırlar ki, bəs, Azərbaycanda düz-əməlli futbolçu tap bilmirik. Birinin ağzı əyridir, o birinin gözü çəpdir, digərinin...

Özünə məşqçi deyən şəxsin gördüyü iş ölkənin üzdə olan futbolçularını əlinin altına yığıb nəticə gecə-gündüz nəticə barədə düşünmək olmamalıdır. Məşqçi həm də pedaqoqdur. Pedaqoq isə öyrədən, yol göstərən deməkdir. Bizimkilərin böyük əksəriyyəti pedaqogikanı yaxına buraxmır. Medal qazanmaqla reklam olunmağın tərəfdarıdırlar.

Futbolçu yoxdur, hə?

Ötən il “Şamaxı”nın heyətində adlarından söz etdirənlərin əksəriyyəti öncəki mövsümü harada oynamışdı? Birinci Divizionda, düzdür?

Siz baş məşqçilərin heç biri onlara yaxın durmurdunuz. Bəlkə də varlıqlarından belə xəbərsiz idiniz. Cavid Hüseynovla Vüqar Əsgərli zərurətdən, yoxsa məcburiyyətdən onları gətirib oynatdı. Fuad Bayramov, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Kamran Quliyev, Elçin Mustafayev, Abdulla Rzayev, Zahid Mərdanov, Nihad Quliyev ...

Hanı indi bu uşaqlar? Zahidlə Rövşəndən başqa hamısı Premyer Liqada.

Potensialları var deyə götürüblər də. Kiminsə ala qaş-gözünə vurulmayıblar ki. Futbolçular var, bir az əziyyət çəkməklə axtarıb-tapmaq lazımdır.

İsmayıl Zülfüqarlı, Fərid Yusifli, Rza Cəfərov, Toral Bayramlı, Nəriman Axundzadə, Yusif Nəbiyev, Ceyhun Nuriyev, Camal Cəfərov, Abdulla Rzayev, Cəlal Hüseynov, Emil Səfərov, Mehrac Baxşalı, Nicat Əliyev, Nihad Əhmədzadə, Ayxan Süleymanlı, Sadiq Şəfiyev...

Bu il Premyer Liqada gözə dəyənlər, başqa cür desək, son 3-4 ildə üzə çıxanlardır ki, bir çoxu cari mövsümdən şans qazanmağa başlayıb. Aralarında əsas heyət üzvü olanlar da var, oyunlara sonradan qoşulanlar da.

Demək ki, baza da var, futbolçu da. Yəni vəziyyət deyildiyi qədər acınacaqlı deyil. Hər komanda ildə çox yox, öz klubunun cəmi bir yetirməsini oynatsa, bu, hər il 10 yeni futbolçunun üzə çıxması deməkdir. 10-u 5-ə, yaxud 10 ilə vuranda hasilin hansı rəqəmə bərabər olacağını hesablamaq çətin deyil.

Dostlar, abilər, hocalar, futbolçudan çox futbolçu var. Arada başınızı əsas komandadan, avrokubok xəyallarından ayırıb aşağı yaş qruplarının, Birinci, hətta İkinci Liqanın oyunlarına baxın. Görün nə qədər istedad çıxacaq qabağınıza.

İnanın ki, ayıb deyil, heç kim sizə gülməyəcək. Əksinə alqışlanacaqsınız. Özünüzün vaxtınız yoxdursa, köməkçilərinizi göndərin, onlar baxsın. Maşallah, hərənizin yanında mühafizəçi qismində azı 3-4 köməkçi var.

Legionerləşməyə, əcnəbilərə qucaq açmağa can atmaqla tarixə böyük məşqçi kimi ad yazdırmaq müşkül məsələdir. Elə edin ki, 15-20 ildən sonra hansısa futbolçudan danışanda, sizin də adınızı çəkib canınıza sağlıq desinlər.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu