“Neftçi”nin baş məşqçisi: “O, bunu nə qədər tez anlasa...”

00:50 Neftçi 698
“Neftçi”nin baş məşqçisi: “O, bunu nə qədər tez anlasa...”

"Neftçi" Misli Premyer Liqasının XI turunun oyununda doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Azərbaycanda hər zaman sülh olsun, insanlar gözəl, istədikləri kimi və xoşbəxt yaşasınlar. İstəyirəm ki, Ukrayna da bir gün azad olsun, qalib gəlsin. İnsanlar sülh içində yaşasınlar, istədikləri həyatı görsünlər. Bu günü görməyi çox istəyirəm. Ümidvaram ki, bu olanda həyatda olacağam.

- İkinci matçdır ki, əvəzetmədən meydana buraxdığınız futbolçu qələbə qolunu vurur. Bunu əvvəlcədən planlaşdırırdınız?

- Çox sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər. Bu, o deməkdir ki, ehtiyat skamyamız yaxşı vəziyyətdədir. Oyundan öncə də Şkribekə bildirdim ki, əsas heyətdə oynamayacaq, sonradan meydana daxil olacaq. Dincəlmək üçün vaxt verdik. Hər oyundan əvvəl qərar veririk ki, kimi kiminlə əvəzləyəcəyik və oyunumuzu gücləndirəcəyik. Ona görə biz həmişə bilirik ki, kim meydana çıxacaq. Bu, məni çox qane edir və sevindirir.

- Növbəti oyun "Araz-Naxçıvan"a qarşı Şamaxıda süni örtüklü meydançada olacaq. Futbolçular bundan narahatdır?

- Hamı orada oynayır, tək "Neftçi" deyil ki. Qorxulu bir şey yoxdur. Orada oynamalıyıq. Çünki ən yuxarı pillələrdə olmaq istəyirik. Buna görə çıxıb oynamalıyıq. Səhv etmirəmsə, Premyer Liqada cəmi iki belə meydança var. Biri Şamaxıda, biri də Yevlaxda. Çox istəyərdim ki, bundan sonra bütün komandalar yaxşı stadionlarda oynasınlar.

- Digər iddialılarla müqayisədə, "Neftçi"də xarici millilərdə oynayan legionerlər azdır. Bu, sizin üçün məşq prosesi baxımından daha da yaxşıdır?

- Birinci deyim ki, millidə oynamaq böyük fəxrdir. Bu, xüsusilə də milli komandalarda oynayanların səviyyəsi haqda çox şey deyir. İndi bizdə xarici millilərdə üç, Azərbaycan millisində dörd oyunçu oynayır. Onlara görə çox sevinirəm. Sadəcə, istərdim ki, zədə almadan geri qayıtsınlar. Əllərindən gələni etsinlər ki, öz milliləri qalib gəlsin. Azərbaycan millisinin qrupu birinci pillədə başa vurmasını çox istəyirəm. Eləcə də legionerlərimizin.

- Emin Mahmudov son vaxtlarda çox az şans qazanır. Bu gün açıqladı ki, millidə karyerasını bitirəcək. Millidə karyerasını bitirməsi sizə nə dərəcədə təsir edir?

- Emin Azərbaycanda ən yüksəkdə duran futbolçulardan biridir. O, uzun müddətdir millidə oynayır. Hər zaman da istəyir ki, ən yaxşı nəticələrə nail olsun. Eyni zamanda, "Neftçi"nin açar oyunçularından biridir. "Neftçi" üçün kifayət qədər çox oyun oynayıb. Bilirəm, qərar verib. Ağır qərardır. Amma həyatda belə şeylər olur. Ona görə də onun daha çox vaxtı olacaq ki, öz klubuna vaxt ayırsın. Biz illər keçdikcə gəncləşmirik, yaşlanırıq (gülür). Yaş da bəzən öz sözünü deyir. Çox istəyərdim ki, "Neftçi"də daha çox oynamağa davam etsin və fayda versin. O, buna layiqdir, həm peşəkar, həm də insan kimi. Emin mənə çox kömək edir. Oyunçularla söhbət zamanı, ailədaxili məsələlərin həllində də. Əsl kapitan kimi öz rolunu icra edir. Həm mən onunla tam açığam, həm də o mənimlə.

- Emin mövsümün sonunda futboldan da getməyi düşünsə, onu fikrindən daşındırmağa çalışacaqsınız?

- "Neftçi"yə ömrünü verib, 10 ildir ki, buradadır. Onunla danışmışam. Elə şey olsa da, qalıb menecer kimi də klubda işləyə bilər, məşqçi kimi də. Hazırlaşsa, çox gözəl məşqçi olar. Amma öz adını istənilən halda "Neftçi"nin tarixinə qızıl hərflərlə yazdırıb.

- Emil Səfərov milliyə dəvət edilmir...

- Bu, bizim daxili mətbəximizdir. Hər şey yaxşı olacaq. Biz onunla danışırıq, söhbət edirik. Düşünürük ki, dincəlsin və üzərində daha çox işləsin ki, əvvəlki Səfərov olsun. "Neftçi" onunla boş yerə müqavilə imzalamayıb. Emil bizə lazım olan futbolçudur, komandamız üçün çox önəmlidir. O, bunu nə qədər tez anlasa, komanda və özü üçün yaxşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!