Yuri Maksimovun Azərbaycana qayıdışından 2 aya yaxın vaxt ötür.
O, dördüncü oyununda ilk dəfə qələbəyə çox yaxın oldu, di gəl, yenə məqsədinə çatmadı.
Heyətinin yarıdan çoxunu zədələrə görə itirmiş «Zirə» ilə qarşılaşmada əla fürsəti qaçırdılar. İki qolla önə keçdilər, ardı gəlmədi.
Patrik Andrade bu qaşılaşmada «Araz»ın ən yaxşısı idi. Ağadadaş Salyanski ilə bahəm.
«Neftçi»dən icarəyə götürülmüş hücumçu öncə məhsuldar asma verdi, ardınca özü qapını dəqiq nişan aldı. «Qarabağ»dan yaxşı tandığımız kabo-verdeli hücumçu isə dubl müəllifi ola bilərdi.
Qapıçıyla üzbəüz qaldığı iki epizodun birində yenə fərqlənə bilsəydi, böyükhesablı qələbə tabloda əksini tapacaqdı.
Hücumların qurulmasında yaxından iştirak edən, üçüncü zonanın mərkəzində tez-tez görünən Andradeyə məşhur «Paneka vuruşu» mane oldu. Qapıya normal, bir az da ağıllı zərbə endirsəydi, «Zirə» gedişatı dəyişə bilməyəcəkdi.
Yuri Maksimov qələbənin əldə çıxmasını turnir cədvəlinin axırında yer almağın mənfi təsiri ilə bağlayıb. Futbolçularının bundan irəli gələn həyacanı boğa bilməməsini qabardıb.
Ukraynalının dedikləri hardasa həqiqətə yaxındır. «Araz» güllə yarası almış ayıya bənzəyir. Qış yuxusuna getməyə hazırlaşdığı vaxt belə arzuolunmaz vəziyyətlə üzləşməyin acısını yaşayır.
Təzyiq bir yandan, ağrı da bir yandan! Maksimov isə təcrübəli həkim olaraq hələ göstərə bilmir özünü.
Dörd turda qələbənin qeydə alınmaması məlum dərdə çarə tapmaması deməkdir.
ELXAN
