Dambrauskasın çarəsizliyi – Birini bacardı, digərini yox

23:20 Sabah 58
Dambrauskasın çarəsizliyi – Birini bacardı, digərini yox

Valdas Dambrauskas “Vikinq”lə oyunun planını adına yaraşan şəkildə cızmışdı.

Rəqibin oyunlarını təhlil edən, özü üçün müəyyən qənaətə gələn litvalı mütəxəssis bəzi rotasiyalara əl atmışdı.

Baş məşqçi Coy-Lens Mikels, Du Keyruş, Aleksey İsayev, Kahim Paris və Ksander Severina kimi əsas heyətdə görməyə alışdığımız futbolçuları ehtiyatda saxlayıb, Kristian Nvaçukvu, Abdulla Xaybullayev və Orfe Mbinaya şans vermişdi.

Rəqibin ağır müdafiəçilərinə ön xətdə pressinq edərək qol istəyinə çatmaq, eyni zamanda irəli çıxmalarının qarşısını almaq əsas plan idi. Bunun üçünsə daha gənc, daha hərəkətli futbolçulara ehtiyac vardı.

Əksər vaxtlarda ehtiyatda qalan bu oyunçular üçün özlərini göstərmək əla fürsət idi.

Bəli, hücum xəttində vəziyyət yaxşı idi. Dambrauskasın məhz bu mövqedə etdiyi dəyişikliklər hesabın açılmasında da rol oynadı. Nvaçukvu-Simic-Mbina üçlüyünün qurduğu kombinasiya qolla nəticələndi. İrəliləyən dəqiqələrdə bir neçə hücum da pis qurulmamışdı.

Təəssüf ki, Valdas eyni dəyişiklikləri müdafiə xəttində tətbiq edə bilməmişdi. Xüsusilə ikinci hissədə açıq-aydın görünürdü ki, Akim Zedadka ilə Timoteuş Puxaç fiziki baxımdan bu oyunun yükünü qaldırmağa hazır deyil.

Hər iki futbolçu öz mövqeyindəki mübarizələri uduzur, nəticədə rəqib müdafiəçi və yarımmüdafiəçilərin cərimə meydançasına daxil olmasına və ya təhlükəli asmalar etməsinə şərait yaradırdı.

Təsadüfi deyil ki, buraxılan ikinci qolda, bəlkə də, həlledici epizodda Zedadkanın diqqətsizliyi penaltiyə səbəb oldu.

Mərkəz müdafiəçiləri Eyden Makkarti ilə Stiv Solvet isə “Sabah” formasında ən bərbad oyunu keçirdilər. Makkartinin rəqibin ilk qolunda müşahidəçi rolunu tutması, ardınca qırmızı vərəqə alaraq komandasını daha da çətin vəziyyətə salması məğlubiyyətdə əsas rol oynadı.

Solvetin də görməyə alışdığımız vəziyyətindən uzaq idi. Ümumiyyətlə, müdafiə xəttindəki futbolçuların yorğunluğu və bu qarşılaşmaya fiziki baxımdan tam hazır olmamaları açıq-aydın hiss olunurdu.

Təəssüf ki, Dambrauskas hücum xəttində rotasiyalara əl atmağı bacarsa da, müdafiədə eyni dəyişikliklərə gerçəkləşdirə bilmədi. Real danışaq, buna imkanı da yox idi.

Rəhman Daşdəmirovun meydana daxil olandan sonrakı “bacarığını” gördük. Tellur Mütəllimovla Junior Almeydanın da skandinavlara qarşı daha yaxşısını edəcəyinə inanmaq çətin idi.

Nəticədə “Sabah” məhz müdafiəçilərin kobud fərdi səhvləri ucbatından Norveçdəki qarşılaşmanı məğlub başa vurdu.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti