Yayda ciddi dəyişikliklərə məruz qalan “Kəpəz” yaxşı mənada təəccübləndirməkdə davam edir.
Geridə qalan 10 turda 9 oyun keçirən Nizami yurdunun təmsilçisi 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Gəncəlilər lider “Neftçi”dən cəmi 4 xal geri qalır.
“Kəpəz”in inamlı çıxışının başlıca səbəblərindən biri doğma meydanda, azarkeşlərinin qarşısında oynaması və kifayət qədər yaxşı təsir bağışlamasıdır. Komandanın qazandığı 17 xalın 11-i Gəncədəki duellərin payına düşür.
Təəssüf ki, “Kəpəz”sevərlər sevimli komandalarını doğma meydanda izləmək üçün bir müddət gözləməli olacaq.
“Sarı-qaralar” 2026-cı ildə sonuncu dəfə noyabrın 22-də doğma stadionda, 12-ci tur çərçivəsində “Qarabağ”la qarşılaşmada meydana çıxacaqlar. Bundan sonra qərb təmsilçisi təxminən iki ay doğma meydanda oynamayacaq. Təqvimin sıxlığı və qarşılaşmaların ardıcıllığı Azər Məmmədovun komandasını uzun və yorucu Azərbaycan turuna çıxaracaq.
Belə ki, “Kəpəz” 13-cü turda Tovuzda “Turan Tovuz”un qonağı olacaq, 14-cü turda Şamaxıda eyniadlı kollektivlə üz-üzə gələcək. 15-ci turda “Qəbələ” ilə səfərdə qarşılaşacaq, 16-cı turda isə Sumqayıt səfərinə yollanacaq.
Bu, son deyil. Dekabrın 1-2-də Azərbaycan Kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları keçiriləcək. Bu mərhələdə “Kəpəz”in rəqibi “Turan Tovuz” olacaq. Komandalar arasındakı görüş də Tovuzda təşkil olunacaq.
Gəncəliləri bundan sonra daha bir səfər sınağı gözləyir. Dekabrın 17-də Premyer Liqanın 2-ci turundan təxirə salınmış oyunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz” bu dəfə Bakıda meydana çıxacaq.
Beləliklə, noyabrın 22-dən sonra “Kəpəz” təxminən iki ay ərzində 6 oyunu səfərdə keçirməli olacaq.
Gəncəli azarkeşlər sevimli komandalarını doğma meydanda növbəti dəfə 2027-ci ildə - qış fasiləsindən sonra izləyə biləcəklər.
Belə ki, 17-ci tur çərçivəsində yanvarın 22-24-ü aralığında “Araz-Naxçıvan”la oyun Gəncə şəhər stadionunda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ
