“Neftçi”də oynamaq çətindir, çünki əsas heyət uğrunda güclü rəqabət var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Ağadadaş Salyanski deyib.
“Neftçi”nin yetirməsi kimi tanınan, lakin əsas komandada oynamaqda çətinlik çəkən 22 yaşlı hücumçu hazırda “Araz-Naxçıvan”ın uğurları üçün tər tökür.
Gən forvardın mövsümə yaxşı başladığını deyə bilərik. 3 oyunda vurduğu 2 qol və verdiyi 1 qol ötürməsi komandasının qələbəsinə kifayət etməsə də, şəxsi göstəricilərini yaxşılaşdırmaq baxımından əla imkandır.
Salyanski vurduğu qollardan məmnundur, di gəl, həzzini tam çıxara bilmir:
“Araz-Naxçıvan”a gəlməyimdə məqsəd daha çox oynamaq, komandaya kömək etməkdir. Fikrimcə, pis başlamamışam. Önəmli olan davamını gətirməkdir.
Mənim üçün vacib olan “Araz-Naxçıvan”ın qələbə qazanmasıdır. Qalibiyyət olanda qələbənin dadı da başqa olur. Qələbə qazanılmayanda vurduğum qolun həzzini tam yaşamaq mümkün deyil”.
Ağadadaş 2022-ci ildən “Neftçi”nin əsas komandasında 50 oyunda şans qazanmaqla 8 qol vurub, 4 məhsuldar ötürmə ilə fərqlənib.
HƏBİB
