“Azərbaycandan təklif gəlsəydi, mütləq geri qayıdardım”

02:40 Araz-Naxçıvan 54
“Azərbaycandan təklif gəlsəydi, mütləq geri qayıdardım”

Sportinfo.az xəbər verir ki, üç mövsüm "Araz-Naxçıvan"da çıxış etmiş braziliyalı yarımmüdafiəçi Vanderson Melo sportal.az-a danışıb.

- Üç ildən sonra Azərbaycandan ayrıldın. Buna səbəb nə oldu? “Araz-Naxçıvan"da qala bilməzdin, klub sizə yeni müqavilə təklif etmədi?

- Bəli, Azərbaycanda üç il keçirdim və orada gördüyüm işlərlə özümü tanıtdım. Azərbaycan çempionatı özünü göstərmək üçün yaxşı bir platformadır. Doğrudur, “Araz-Naxçıvan” mənə yeni müqavilə təklif etmədi. Amma mən buna hörmətlə yanaşıram. Çünki bu da futbolun bir hissəsidir.

- Azərbaycandakı karyeranı necə qiymətləndirirsən?

- Üç uğurlu mövsüm keçirdik. Həmin dövrdə mən və digər oyunçular "Araz-Naxçıvan"ı güclü və daha geniş tanınan bir komandaya çevirmək üçün meydanda əlimizdən gələni etdik.

- “Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazanmışdı. Amma növbəti mövsüm uğursuz alındı. Halbuki heyətiniz daha da güclənmişdi. Səncə, nəyə görə belə oldu?

- Mövsümü yaxşı keçirib üçüncü yeri tutduq və avrokuboklara vəsiqə qazandıq. Bu uğur klub prezidenti və idarə heyətinin, baş məşqçi Elmar Baxşıyev, onun məşqçilər korpusunun və futbolçuların gərgin əməyi sayəsində mümkün oldu. Növbəti mövsümə həm avrokuboklarda, həm də daxili çempionatda yaxşı başladıq. Lakin fikrimcə, Elmar Baxşıyevin ayrılığından sonra komandanın işləri pisləşməyə başladı.

- Yenidən Azərbaycana geri qayıtmaq imkanın olacaq?

- Geri qayıdacağıma ümid edirəm. Çünki çempionat və ölkə çox xoşuma gəlirdi. Ora çox yaxşı uyğunlaşmışdım. Amma hələlik geri qayıtmaqla bağlı heç bir təklif almamışam.

- "Qarabağ"ın hegemonluğuna "Sabah" son qoya bildi. Bu sənin üçün gözlənilməz idi? "Sabah"ı "Qarabağ"dan daha güclü hesab edirsən?

- "Sabah"ın "Qarabağ"a qarşı məğlubiyyətsizlik seriyasına son qoyması təəccüblü olmadı. Onlar yaxşı hazırlaşmışdılar və yeni məşqçi ilə oyun üslublarını dəyişərək indiki nəticələrə nail oldular (baxmayaraq ki, "Qarabağ" hazırda heyətini yeniləyir). Hamıya uğurlu mövsüm arzulayıram və qoy ən yaxşı komanda qalib gəlsin.

- Hazırda klubsuzsan. Necə olacaq?

- Bəli, hazırda klubsuzam. Başqa ölkələrdən təkliflər almışdım, amma sonda getməməyə qərar verdim. Lakin Azərbaycandan təklif gəlsəydi, mütləq geri qayıdardım.

- Azərbaycanda keçirdiyiniz dövrə nəzər saldıqda, yaddaşınızda xüsusilə hansı detal, oyun, an, hadisə və ya futbolçu qalır?

- Yaddaşımda ən çox qalan məqam avrokuboklara vəsiqə qazanmağımızdır. Daha da xüsusu olan və ən yaddaqalanı isə o vaxtkı şəraiti nəzərə alsaq, heç kimin qələbəmizə inanmadığı bir oyunda "Aris"i məğlub etməyimiz idi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi