5-ci turun ən gərgin, ən maraqlı, bəlkə də həlledici deyə biləcəyimiz qarşılaşması Şamaxıda baş tutacaq.
Stadionsuz qalan “Araz-Naxçıvan” məhz bu şəhərdə “Turan Tovuz”u qəbul edəcək.
Son iki mövsümdə bu komandalar arasındakı rəqabət avrokuboklara vəsiqə qazanmaq uğrunda olurdusa, bu dəfə vəziyyət fərqlidir.
İndi baş məşqçiləri maraqlandıran əsas məsələ postu qoruyub-saxlamaqdır. İstər Kurban Berdıyev üçün olsun, istərsə də Cavid Hüseynov üçün.
Hüseynovun durumu kritikdir. Komandasının ilk 4 turdakı nəticələri baş məşqçinin adı ətrafında suda batan adamın saman çöpündən yapışması obrazını yaradıb. Naxçıvan təmsilçisi ilk turda “İmişli” ilə qolsuz heç-heçəyə razılaşandan sonra “Neftçi”, “Sabah” və “Qarabağ”a boyun əyib.
4 turdan sonra 1 xal və sonuncu pillə.
Tovuz komandasının vəziyyəti nisbətən yaxşıdır. Geridə qalan 4 hhəftədə “Qəbələ” ilə “Sumqayıt”ı məğlub edib, “Şamaxı”yla qolsuz bərabərə qalıb və “Kəpəz”ə uduzub. 4 turdan sonra mümkün 12 xaldan cəmi 7-si əldə edilib. Maraqlıdır ki, bu matçların 3-ü Tovuzda gerçəkləşib.
“Turan Tovuz” bu oyunların hamısında əziyyət çəkib. Elitada qalmaq uğrunda mübarizə aparan “Qəbələ”ylə “Sumqayıt”ı güc-bəla ilə udub, “Kəpəz”ə məğlub olub, “Şamaxı”nın müqavimətini nəzərə alıb.
Hələ ki, əsas rəqiblərlə görüşlər baş tutmayıb. Buna baxmayaraq, “Turan Tovuz” 5 xal itirib. Xal itkiləri bir yana, komandanın sərgilədiyii futbol xoş gələcəkdən çox qaranlıq tuneldən xəbər verir.
“Araz-Naxçıvan”a yenilgi Berdıyev erasının sonunu gətirə bilər. Məlumdur ki, rəhbərlik səviyyəsində bıçaq sümüyə dirənib. Türkmən mütəxəssisin müqaviləsi davam etdiyindən hələ ki, toxunulmazdır.
Ardıcıl iki məğlubiyyət yaşansa, pul xərcləyən adamlar bütün riiskləri göz önünə alıb Kurban Bekiyeviçə qapını göstərəcək. Xərclənən milyonların, yaradılan şəraitin qarşılığında praqmatik futbol və uğursuz nəticələr rəhbər şəxslərin səbr kasasını doldurub.
Odur ki, bu oyunun nəticəsi həm Cavid Hüseynovun, həm də Kurban Berdıyevin gələcək taleyinə ciddi təsir edəcək.
Sentyabrın 13-də Şamaxı şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “Turan Tovuz”u dueli saat 16:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
