Səhv ünvan, böyük pullar - Bu cür legionerləri Azərbaycana kimlər gətirir?

Səhv ünvan, böyük pullar - Bu cür legionerləri Azərbaycana kimlər gətirir?

Ötən mövsüm “Qəbələ”yə transfer edilən Paulo Quimbila bu mövsümün gedişində "Gəncəbasar"a icarəyə verildi.

Afrikalı legioner son turda "Zaqatala"ya qarşı matçda Gəncə təmsilçisinin heyətində baxımlı oyunu və vurduğu qolla yadda qaldı.

Texniki bacarıqlarını yüksək səviyyədə nümayiş etdirərək öz potensialını ortaya qoydu.

Amma biz bu futbolçunun Premyer Liqada həmin səviyyədə çıxış etdiyini görə bilmədik.

Çünki Birinci Liqa ilə Premyer Liqa arasında ciddi uçurum var.

21 yaşlı legioner tək deyil. Əminliklə deyə bilərəm ki, hazırda Premyer Liqa klublarının heyətində bu səviyyədə çıxış etməyə layiq olmayan çoxsaylı əcnəbi futbolçular var.

Buna baxmayaraq, həmin oyunçular əsas heyətdə meydana çıxır, üstəlik, böyük pullar qazanırlar.

Halbuki onların yeri məhz Quimbilanın hazırda çıxış etdiyi Birinci Liqadır.

İşin ən ağrılı tərəfi isə odur ki, Birinci Liqadakı vəziyyət də ürəkaçan deyil.

Bu çempionatın əksər klublarının heyətində yer alan bir çox legionerlər yerli futbolçulardan ciddi mənada fərqlənmir, komandalarına xüsusi keyfiyyət qatmır, oyunda nəzərəçarpacaq fərq yarada bilmirlər.

Belə futbolçuların da əksəriyyətinin yeri əslində İkinci Liqadır.

Bir sözlə, futbolumuzda yerlər səhv düşüb.

Birinci Liqada oynamalı futbolçular Premyer Liqada, İkinci Liqada çıxış etməli olanlar isə Birinci Liqada meydan sulayırlar.

Nəticədə həm çempionatların səviyyəsi aşağı düşür, həm də böyük pullar səmərəsiz şəkildə xərclənir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti