"Sabah"dan narazıdırlar - Edilən jest də işə yaramadı

20:40 Sabah 106
"Sabah"dan narazıdırlar - Edilən jest də işə yaramadı

Premyer Liqanın 9-cu turundan etibarən “Sabah” yeni ünvana köçür.

“Bayquşlar” daha əvvəl elan olunduğu kimi, bundan sonra ev oyunlarını Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirəcək.

Komandanın yeni arenadakı ilk sınağı “Qarabağ”la oyuna təsadüf edəcək.

Matçdan əvvəl açıqlama yayan Masazır təmsilçisi yeni ünvanda da köhnə məkanını – Masazırı və buradakı azarkeşlərini unutmayacağını bildirib.

Belə ki, “Dalğa Arena”da tribunaların biri məhz Masazırdan olan fanatların şərəfinə ayrılacaq.

“İllərdir yanımızda olan, sevincimizi, kədərimizi və qələbələrimizi bizimlə bölüşən Masazır sakinlərini unutmuruq!

Yeni evimiz “Sabah Arena”da onların sevgisi və sədaqətinin rəmzi olaraq “Masazır tribunası” fəaliyyət göstərəcək.

Stadionumuz dəyişsə də, dəyərlərimiz dəyişmir!” – deyə klubun açıqlamasında bildirilib.

Amma atılan bu jest də Masazır azarkeşlərinin könlünü xoş etməyib.

Fanatlar klubun yeni ünvana köçməsini birmənalı qarşılamayıblar.

Hətta bəziləri buna görə komandanı qınayaraq, verilən qərarın yanlış olduğunu bildiriblər.

Klubun sosial şəbəkə hesablarında bu məzmunda çoxsaylı şərhlər yer alıb. Həmin rəylərdən bəzilərini təqdim edirik:

“İllərdir Xırdalandan gedirdim oyuna. Azarkeşi olmasam da, klub evə yaxın idi, həm də maraqlı oyunlara baxırdım. İndi isə yeni stadiona getmək üçün indiki metrolarla, avtobuslarla bir tərəfə 3 saat vaxt sərf etməli olacağam”.

“Çox-çox uzağa köçdünüz. İllərdir “Sabah”a dəstək olmağa gəlirdik, indi uzaqdır”.

“Çox uzaqdır. Bir “Neftçi” azarkeşi kimi deyə bilərəm ki, “Bank Respublika Arena” məhəlləmdə olduğuna görə hər oyuna baxırdım. Amma indi azarkeşsiz oynamağa məhkumsunuz”.

“Sabah" niyə Masazırdan bu qədər uzağa getdi? Masazırda oynadığınız vaxt azarkeşləriniz çox idi. Sizə inanan, güvənən, hər zaman dəstək olan insanlar var idi. Bəs indi necə oldu? Masazırdan getməklə sizə ürəkdən bağlanan azarkeşləri yarı yolda qoymadınızmı? Klub təkcə futbol deyil, həm də ona inanan insanların sevgisidir. Biz sizə güvənmişdik, “Sabah”.

“Çox uzağa getdiniz. Masazırda bir müsbət şey var idi. O da “Sabah” idi. İndi isə...”

“Çox səhv seçim etmisiniz. “Qarabağ” və “Neftçi” ilə oyunlardan başqa stadion boş olacaq. Kimdir dəniz qırağına, Mərdəkana gedib oyuna baxan? Həmişə də külək olur orada. Nə qədər ki, gec deyil, evinizə qayıdın. İlk növbədə Masazır camaatına hörmətsizlik etmiş olursunuz”.

Göründüyü kimi, “Masazır tribunası” təşəbbüsü azarkeşlərin narazılığını aradan qaldırmayıb. Fanatların əsas narahatlığı yeni stadionun uzaqda yerləşməsi və sevimli komandalarının oyunlarını canlı izləmək üçün daha çox vaxt və yol xərci sərf etməli olmalarıdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti