“Neftçi” “Qarabağ”la qarşılaşmada ovucunun içindəki qələbəni əldən verdi.
Hesabı açan, hətta 3:1 hesabı ilə önə keçən “ağ-qaralar” yekunda meydanı heç-heçə ilə tərk etməli oldu – 3:3.
Oyunun diqqətçəkən simalarından biri isə Rza Cəfərov oldu. Uzun müddətdir əsas heyətdən kənarda qalan, daha doğrusu, Emil Balayevin əvəzedicisi statusu ilə barışmalı olan 23 yaşlı qapıçı buraxılan üçüncü qolda kobud səhvə yol verdi.
Həlledici məqamda topu dəf edə bilməyən Cəfərov komandasının qələbəni əldən verməsində əsas fiqurlardan birinə çevrildi.
Matçdan sonra sosial şəbəkələrdə də “Neftçi”nin qələbəni məhz qapıçısının səhvinə görə əldən verdiyini düşünənlərin sayı az deyildi. Azərbaycan millisinə də ara-sıra dəvət alan qolkiperin həmin epizodda texniki səhvə yol verməsi müzakirələrin əsas müzakirə mövzusu idi.
“Neftçi” üçün qapıçı kabusu bir həftə əvvəl başlamışdı. Cəmi bir tur əvvəl “Sabah”la prinsipial və son dərəcə vacib qarşılaşmada da bakılılar qələbə istəyinə son anda çata bilməmişdi. Həmin oyunda isə “ağ-qaralar”ın qarşısını alan öz qapıçısı yox, rəqibin qolkiperi Stas Pokatilov olmuşdu.
90 dəqiqə ərzində inamlı oyun sərgiləyən qazaxıstanlı qapıçı görüşün son dəqiqələrində Bassala Sambunun baş zərbəsinə inanılmaz reaksiya göstərərək “Sabah”ı məğlubiyyətdən xilas etmişdi. Beləliklə, Pokatilov bir saniyənin içində “Neftçi”nin qələbə ümidlərinə son qoyan əsas qəhrəman idi.
Belə görünür ki, “Neftçi” çempionluğa iddialı əsas rəqibləri ilə son iki qarşılaşmada qapıçı amilinin acısını yaşayıb. “Qarabağ”la heç-heçə, “Sabah”la isə qələbənin əldən verilməsi – iki oyunda cəmi iki xal, itirilən dörd xal.
Ən maraqlısı isə budur ki, hər iki matçda qapıçılar “Neftçi” üçün kabusa çevrilib. Birində öz qolkiperinin səhvi, digərində isə rəqib qapıçının möhtəşəm seyvi “ağ-qaralar”ın qələbə arzusunu gözündə qoyub.
HƏBİB / SPORTİNFO.AZ
