“Borussiya” BOS-la bağlı paylaşım etdi, ayağa qalxdılar: “Sizə görə utanıram” - FOTO

“Borussiya” BOS-la bağlı paylaşım etdi, ayağa qalxdılar: “Sizə görə utanıram” - FOTO

Almaniya nəhənglərindən olan “Borussiya Dortmund” Bakıda qələbə sevinci yaşadı.

Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Sabah”la qarşılaşan Almaniya təmsilçisi 2:1 hesablı qələbəyə sevindi.

Dortmundlular paytaxtımızda olduğu müddətdə klubun sosial media menecerləri Bakıdan və Bakı Olimpiya Stadionundan müxtəlif məzmunlu videolar hazırlayaraq izləyiciləri ilə bölüşüblər.

Lakin həmin paylaşımlardan biri heç də xoş qarşılanmayıb. Əksinə, paylaşım həm Azərbaycanda, həm də Almaniya klubunun öz azarkeşləri arasında müzakirələrə səbəb olub.

Belə ki, “Borussiya Dortmund”un sosial media hesabında yayımlanan videolardan birində Bakı Olimpiya Stadionunda polislərin və Daxili Qoşunların hərbçilərinin çoxluğu ön plana çəkilib. Görüntülərə əlavə olunan “Burada meydana daxil olanlara çox ciddi yanaşırlar” məzmunlu başlıq isə təhlükəsizlik tədbirlərini istehza hədəfinə çevirib.

Məlum paylaşım heç də bütün “Borussiya” azarkeşlərinin ürəyincə olmayıb. Almaniya klubunun bir sıra tərəfdarları öz komandalarının belə bir paylaşım etməsini qəbuledilməz hesab edərək sərt reaksiyalar veriblər. Onların fikrincə, ev sahibi ölkənin təhlükəsizlik tədbirlərini məsxərəyə qoymaq əvəzinə, komandanın oyununa və xal itirmək təhlükəsi ilə üz-üzə qalmasına diqqət yetirmək lazımdır:

“Əziz BVB, belə bir paylaşım edərək başqalarını ələ salmaq və özünüzü başqalarından üstün göstərməyə çalışmaq həyasızlıqdır! Mühafizəçilərin çoxluğu hörmət, qonaqpərvərlik və ciddiyyət nümayişidir”.

“Bir az rahat olun, təşəkkür etməyi bacarın, bəlkə də bir az özünüzü tənqid edin. Göstərdiyiniz oyundan xoşunuz gəlib yəqin”.

“BVB azarkeşi olaraq düşünürəm ki, BVB belə videolar paylaşmamalıdır. Sizə görə utanıram”.

“Başqası da videonun yarısını meydanda qaçan yad bir adamı axtarmağa sərf etdi, yoxsa yalnız sonradan başa düşdü?”

“Düşünürəm ki, belə videolar hazırlamaqdansa, problemlərimizə daha çox diqqət yetirməliyik”.

“Azarkeş kütləsinin arasında, demək olar ki, hər adama bir mühafizəçi düşür”. Bunun nəyi pisdir ki?”

“Belə bir şeyi kim paylaşır axı? Doğrudanmı bu gün buna ehtiyacımız var?”

“Millilərin oyunları ilə bağlı fasilədən sonra yenə də sözlə ifadə olunmayacaq bir oyun. Siz bundan danışın, kimin nə etməsindən yox”.

“Bəs BVB-də nə baş verir belə??? Mövsümə əla başladıqdan sonra komandanın artıq öz-özünü dağıtmağa başlaması absurddur. Yoxsa mühafizəçilər sizə oynamaq imkanı vermirdi?”

“Avropadakı stadionlardan fərqləri budur. Onlar hamını bir-bir yoxlayıb stadiona buraxırlar. Azərbaycanın təhlükəsiz yer olmasının əsas səbəbi də budur”.

“Ələ salmağa başqa heç nə tapmadınız? Bu cür təhıükəsizlik tədbirlərinə görə də onların şəhərində hər gün bir brend mağazasını oğurlamırlar. Paylaşmağa nəsə axtaranda BVB-nin oyununa baxın. O qədər maraqlı görüntülər tapacaqsınız ki. Səhifəni bu hala salmayın”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti