Abdulla Rzayevin klubu müəyyənləşib.
Azərbaycan millisinə də dəvət alan futbolçu “Araz-Naxçıvan”la razılıq əldə edib.
“Sabah”a məxsus olan 24 yaşlı cinah müdafiəçisi qarşıdakı 1 ildə icarə əsasında Naxçıvan təmsilçisinin şərəfini qoruyacaq.
Əslində, baş məşqçi Cavid Hüseynov Abdullanın xidmətində çoxdan maraqlı idi.
Sadəcə onunla “Neftçi” də maraqlandığından və danışıqlar davam etdiyindən yekun qərar vaxt aparırdı.
“Ağ-qaralar”la Rzayevin arasında həftələrdir davam edən müzakirələr maliyyə məsələsində müsbət həllini tapmayıb.
Nəticədə Abdulla “Araz-Naxçıvan”ın real təklifinə müsbət qərar verib.
Abdulla Rzayev buna qədər də “ağ-qırmızı” formanı geyinib. O, 2023/24 mövsümündə “Araz-Naxçıvan”ın heyətində 28 oyunun iştirakçısı olmaqla 1 qol vurub, 1 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ
