Nəhayət, Ağadadaş Salyanskinin "Neftçi"dən gözlənilən ayrılığı baş tutdu.
O, qarşıdakı mövsümü "Araz Naxçıvan"da keçirəcək.
Niyə nəhayət?
Çünki son 2-3 mövsümdə onu heyətində görmək istəyən Premyer Liqa klublarının sayı az deyildi.
Amma "ağ qaralar" ciddi cəhdlə onu heyətində saxlayırdı.
Forvard 2-3 əvvələ kimi potensialına görə yaşıdları arasında bəlkə də ilk sırada dururdu.
Akademiyanın bütün yaş qruplarından adından söz etdirməyi bacarmışdı.
Amma heç cür "Neftçi"nin əsas komandada özünü doğrulda bilmədi.
Az şans da verilmədi.
Belədə ən ideal yol getmək idi.
İnanaq ki, gənclər millimizin hücumçusu "Araz-Naxçıvan"da parlaya biləcək.
Potensialını tam açacaq.
Bir sözlə, Ağadadaşın muxtar respublika təmsilçisinə icarəyə verilməsi doğru qərardır.
Özünü doğruldub-doğrultmamasından asılı olmayaraq.
Sadəcə bir məqam xoş olmadı.
"Neftçi" anlaşmaya xüsusi bənd salıb.
Futbolçu mövsüm ərzində "Neftçi"yə qarşı baş tutacaq 3 dueldə meydanda olmayacaq.
Futbolda tez-tez qarşılaşdığımız haldır.
Amma heç bir halda bunu düzgün hesab etmirəm.
Sənə lazım olmayan birini icarəyə vermisənsə, daha qadağa nəyə lazımdır?
Halbuki həmin görüşlər Ağadadaş üçün xüsusidir.
Həmin matçlara özəl yanaşacaq.
Xüsusi motivasiya ilə meydana çıxacaq.
Bəlkə də özünü “Neftçi”yə sübut etmək üçün ən böyük fürsətlərdən biri məhz həmin qarşılaşmalar olacaqdı.
Ona görə də futbolçunu göndər, oynasın, inkişaf etsin. Amma qarşısına əlavə maneə qoyma.
Çünki icarənin məqsədi futbolçunun inkişafıdırsa, bu inkişafın qarşısını alan bəndin özü bir qədər qəribə görünür.
XANOĞLAN / SPORTİNFO.AZ
