Tanınmış azərbaycanlı futbol adamı 11 ildən sonra baş məşqçi təyin olundu
Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Quliyev yenidən aktif futbol həyatına dönüb.
O, bundan sonra «Araz-Naxçıvan»da fəaliyyət göstərəcək. Muxtar Respublika təmsilçisinin 17 yaşlılardan ibarət komandası ona tapşırılıb. Anlaşma müddəti 1 ildir.
Vaxtilə «Kəpəz», «Neftçi» və «Xəzər Lənkəran»ın formasını geyinmiş Emin Quliyev ölkənin aparıcı oyunçularından biri olub. Həmin illər ərzində böyük hörmət və dəyər qazanıb.
Məşqçilik həyatına 11 il əvvəl başlayıb. 2014-2015-ci illər aralığında «Rəvan»ı çalışdırıb. Həmin vaxt Premyer Liqada çıxış edən Qaraçuxur klubu yaxşı təsir bağışlayıb, lakin daxildə yaranan problemlər üzündən buradakı işini yarımçıq qoyub.
Daha sonra AFFA-nın Elit futbol layihəsindən dəvət alıb, lakin burada da çox qalmayıb. İndi isə «Araz» ona qapıları taybatay açıb.
Məqsəd Quliyevi yenidən futbola qazandırmaq, təcrübəsini gənclərlə bölüşməsinə şərait yaratmaqdır. Bu isə klubun yeni prezidenti Ceyhun Sultanovla icraçı direktor Eldəniz Yusifovun jestidir.
SPORTİNFO.AZ

