"Yavaş-yavaş məsələni həll etmək niyyətindəyik" - Klubun icraçı direktoru

09:20 Araz-Naxçıvan 133
"Yavaş-yavaş məsələni həll etmək niyyətindəyik" - Klubun icraçı direktoru

Yeni mövsümdə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək "Araz-Naxçıvan" Bakıda və Sumqayıtda yerləşən arenalarla bağlı müraciətinə müsbət cavab ala bilməyib.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında klubun icraçı direktoru Eldəniz Yusubov deyib.

O, əvvəllər istifadə etdikləri "Liv Bona Dea Arena"nın təmirə bağlandığı üçün müxtəlif variantları dəyərləndirdiklərini diqqətə çatdırıb:

"Liv Bona Dea Arena" təmirə bağlandığından oradan istifadə etmək mümkün deyil.

Bakı və Sumqayıt şəhərlərindəki stadionların rəhbərlikləri ilə danışıqlar apardıq. Müsbət cavab ala bilmədiyimiz üçün ən optimal variant kimi Qəbələ şəhər stadionunu seçdik".

İcraçı direktor Naxçıvan şəhər stadionunun təmir olunması məsələsinin gündəmdə qaldığını vurğulayıb:

"Naxçıvandakı stadionun təmiri ilə bağlı ciddi müzakirələr gedir. Yəqin ki, növbəti mövsümdən sonra bu bizim üçün əsas məsələ olacaq.

Əslində bu məsələ həmişə gündəmdə olub, sadəcə, müəyyən səbəblərdən proses gecikib. Yavaş-yavaş məsələni həll etmək niyyətindəyik ki, növbəti mövsümlərdə belə çətinlik yaranmasın".

E.Yusubov kollektivin hazırlıq prosesini Bakıda keçirəcəyini sözlərinə əlavə edib:

"Məşqlər üçün Bakı Olimpiya Stadionunun təbii örtüklü ehtiyat meydanından istifadə edirik. Bu stadionla müqaviləmiz var.

Ev oyunlarından bir gün əvvəl Qəbələyə yola düşəcəyik. Matçdan dərhal sonra isə geri qayıdacağıq".

Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü avqustun 14-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!