«Araz Naxçıvan» Bakını tərk edib. Muxtar Respublika təmsilçisi növbəti mövsümdən etibarən ev oyunlarını regionda keçirəcək.
Amma yenə doğma bölgədə yox. «Ağ-qaralar» məkan olaraq Qəbələni seçib.
Gündəlik məşqlərini paytaxtda keçirəcək komanda oyundan-oyuna Qəbələyə yollanacaq.
«Qəbələ»nin balansında olan stadion onlar tərəfindən 1 illik icarəyə götürülüb. Bu, yerli klubla aparılan danışıqların yekunudur.
«Araz» ötən 3 mövsümdə rəqiblərini Mərdəkanda qonaqlayıb.
AFFA-nın nəzdindəki arenadan icarə hüququ ilə yararlanıblar. Hazırda isə burada yenidənqurma işləri aparılır, süni qazon dəyişdirilir.
Məkan, böyük ehtimalla, tezliklə «Sabah»ın ixtiyarına veriləcək.
Bakıda və ona yaxın digər şəhər və qəsəbələrdə isə Premyer Liqanın standartlarına cavab verən başqa stadion tapmaq müşkül məsələdir.
«Araz» rəhbərliyi kömək məqsədilə elita mənsublarından bir neçəsinə müraciət ünvanlayıb, fəqət, yardım əlini uzadan, «gəl, buradan ikimiz də istifadə edək» deyən olmayıb.
Belədə yalnız «Qəbələ» köməyə çatıb.
SPORTİNFO.AZ

