Patrik Andrade yenidən Azərbaycana üz tutub.
Kabo-Verdedən olan legioner bir neçə başqa ölkədən təklif alsa da, “Araz-Naxçıvan”da qalmağa üstünlük verib.
33 yaşlı yarımmüdafiəçi növbəti mövsümü də burada keçirəcək.
2020-2025-ci illər aralığında “Qarabağ“ın formasını geyinmiş afrikalı ötən yay “ağ-qırmızılar“la 1+1 illik müqavilə imzalayıb.
Həmin razılaşmaya əsasən, kontraktın uzadılıb-uzadılmaması futbolçunun özündən asılıdır. Yəni ki, istəsə, qalacaq, istəməsə, gedəcək.
Andrade maddi amilləri əsas götürüb. O, bütün variantları götür-qoy edib, “Araz“dan getməklə böyük miqdarda pul itirəcəyinin fərqinə varıb.
Axı təklif göndərən klubların heç biri ona illik 300 min dollar ödəməyə razılaşmayıb. Naxçıvan təmsilçisində isə bu məbləğ hazırdır - sənəddə göstərilib.
Komanda rəhbərliyi çox çalışsa da, Patrik bir addım geri atmayıb, yumşalmayıb. “Müqavilədə nə qədər əməkhaqqı yazılıbsa, onu da mənə verəcəksiz“ deyərək, rəsmiləri məyus edib.
Bu isə “Araz“ üçün böyük yükdür. Necə də olmasa, Zaur Axundovun maliyyə rıçaqları son vaxtlar kifayət qədər zəifləyib.
Naxçıvan Futbol Federasiyasının prezidenti biznes sferasında ciddi böhran yaşayır və bu, gözlənildiyi kimi, klubun fəaliyyətinə də çox ciddi mənfi təsir etməkdədir.
Nəticədə region mənsubu növbəti mövsümə əvvəlki illərlə müqayisədə xeyli aşağı büdcəylə başlamalı olacaq.
Andradenin maaş rəqəmlərində güzəştə getməməsi o deməkdir ki, “Araz“ın ümumi aylıq əməkhaqqı fondunun əhəmiyyətli hissəsi bir nəfərin cibinə gedəcək.
Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 10 futbolçu ilə yolları ayırıb.
Müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.
SPORTİNFO.AZ

