"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.
Premyer Liqa klubu Alexandro Herrera ilə müqavilə imzalayıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumatda bir məqam diqqətimi çəkdi.
Qeyd olunub ki, 21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidir.
Bu akademiya barədə kiçik araşdırma apardım.
Məlum oldu ki, Kolumbiyanın Medellin şəhərində fəaliyyət göstərir.
Yüksək liqada çıxış edən əsas komandası yoxdur. Futbol yetişdirmə layihəsi kimi fəaliyyət göstərir.
20 illik qısa tarixində Kolumbiyaya Mateus Uribe (millidə 62 oyunda 5 qolu var) və Daniel Munoz kimi oyunçular qazandırıb.
Hazırda dəyəri 22 milyon avro olan Munoz barədə xüsusi danışmaq olar.
"Kristal Pelas"ın üzvü hazırda İtaliya nəhəngi "İnter"in hədəfindədir.
Millidə 48 oyunda 5 qolla yadda qalıb.
Davam edən dünya çempionatı da onun üçün fantastik başlayıb.
Kolumbiyanın maksimum xal qazanmasında əsas qəhrəmandır.
30 yaşlı cinah müdafiəçisi Konqonu 1:0 məğlub etdikləri matçda yeganə qolun müəllifi olub.
Müdafiəçi olmasına rəğmən Özbəkistanla oyunda da (3:1) adını tabloya yazdıra bilib.
Bu cür adların çıxdığı akademiyanın məzunları ölkəmizə qədər ayaq açmaqdadır.
Bu faktlar bir daha göstərir ki, futbolçu yetişdirmək üçün sistem yaratmaq, iş görmək lazımdır.
Kolumbiyadan 21 yaşlı gənci Azərbaycana gətirən həmin "Araz-Naxçıvan"ın isə akademiyası yoxdur.
Naxçıvanı təmsil edir, amma 4 mövsümdü Bakıya sığınıb.
Kolumbiyadan oyunçu gətirməkdən asan nə var ki?
Hünər odur ki, Herreranın yetişdiyi akademiya modelini ölkəmizə gətirəsən.
Həmin herreraları burada yetişdirəsən.
Onda deyərəm əhsən...
XANOĞLAN / SPORTİNFO.AZ

