Şirkət sahibi dogma regionun klubuna iddiasını ortaya qoydu - Üç milyon verirəm…

16:00 Araz-Naxçıvan 330
Şirkət sahibi dogma regionun klubuna iddiasını ortaya qoydu - Üç milyon verirəm…

«Araz-Naxçıvan»a yeni iddiaçı ortaya çıxıb. Muxtar Respublikadan olan şirkət sahiblərindən biri klubu himayəsinə götürməyə hazırdır.

Saytımızın «ağ-qırmızılar»ın düşərgəsindən aldığı məlumata görə, iş adamı doğma bölgənin təmsilçisinə ilkin mərhələdə 3 milyon manat vəsait ayırmağa razıdır.

O, növbəti illərdə bu vəsaitin məbləğini artırmağı vəd edib.

Redaksiyamıza bildirilib ki, hazırda tərəflər arasında danışıqlar gedir. Bu məsələdə son sözü Zaur Axundov deyəcək.

Naxçıvan Futbol Federasiyasının prezidenti bir müddət əvvəl mediaya verdiyi müsahibədə klubu maliyyələşdirməkdə çətinlik çəkdiyini etiraf edib:

"Mənim özümün Naxçıvan Futbol Federasiyasında qalıb-qalmayacağım, kluba himayədarlıq edib-etməyəcəyim sual altındadır.

Bilirsiz ki, bu klubu biz yaratmışıq. Maliyyəni də hər zaman biz ayırmışıq.

2023-cü ildə “Araz-Naxçıvan” Premyer Liqaya yüksələndə mən dəstək gözləyirdim. Xüsusən də naxçıvanlı iş adamlarından.

Çünki klub yarım milyona yaxın əhalisi olan Naxçıvanı təmsil edir. Təəssüf ki, komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi.

Kiməsə zəng vurub demək ki, kluba pul ayırın, bu, mənim xasiyyətimə yaddır. Dövlət tərəfindən, AFFA tərəfindən hər kluba dəstək var.

Lakin təkcə həmin maliyyə vəsaiti ilə iddialı klub yaratmaq qeyri-mümkündür. Belədə sadəcə liqada qalmaq uğrunda mübarizə apara bilərsən, mən isə belə şeyə öyrəşməmişəm.

Zaman necə olacağını göstərəcək. Amma dediyim kimi, mən gözlədiyim dəstəyi görmədim. Kiməsə məcburən komandaya sponsorluq et də deyə bilmərik.

Sadəcə, bilmək lazımdır ki, bu komanda Naxçıvanı təmsil edir. Bir sözlə, hər şey maliyyəyə bağlıdır. Ad olaraq komanda qalsın, növbəti il aşağı liqaya düşsün - mən bunu qəbul edə bilmərəm.

Hazırkı vəziyyətdə isə 4-5 milyonla iddialı komanda formalaşdırmaq demək olar mümkünsüzdür. Dediyim kimi, hərənin öz baxışı var.

Bu da mənim yanaşmamdır. “Araz-Naxçıvan” kimi formalaşmış komandanı itirmək olmaz. Kluba himayədarlığım sual altındadır, tək qalmışam”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti