“Araz Naxçıvan” evini öz əliylə yıxdı.
Ötən mövsüm Premyer Liqada bürünc medalları qazanan Naxçıvan təmsilçisi ilk dəfə oynadığı Konfrans Liqasında Yunanıstan “Aris”ini mübarizədən kənarlaşdırmaqla hamını təəccübləndirdi.
Transferlər üçün samballı vəsait xərclənmişdi, heyət də avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq gücdə idi. İlk 4 turda 10 xal toplayan Elmar Baxşıyevin komandası birinci zərbəni “Qarabağ”dan aldı -0:5.
“Araz”ın oyunundakı sabitlik bununla da pozuldu. Qış fasiləsinə qədər ara-sıra 1-2 qələbə yaraya məlhəm olmadı.
Autsayder “Qəbələ”yə, o vaxt pis vəziyyətdə olan “Neftçi” və “Sumqayıt”a məğlubiyyətlər, “Şamaxı”yla heç-heçə isə klubun iddialı və emosional rəhbərliyini özündən çıxardı.
Dekabrda Azərbaycan Kubokunun 1/8 finalında “Kəpəz”ə uduzub yarışla vidalaşmaq, 10 gün sonra “Qarabağ”dan növbəti 5 qolluq darmadağının alınması - bununla klubun faktiki sahibi Zaur Axundovun beyni çöndü,
Elmar Baxşıyevin etimad-güzəşt limiti doldu. Həmin günlərdə - çempionatda qış fasiləsi başlayanda “Araz Naxçıvan” altıncı sırada idi, üçüncü yerdəki “Zirə”dən cəmi 2 xal geri qalırdılar.
Bəlkə də odun üstünə yağ tökənlər, ərtafındakılardan baş məşqçiylə bağlı Zaur Axundovun qulağını dolduranlar da oldu, nəticədə Elmar Baxşıyev istefaya göndərildi.
Yerinə kim gətirildi - baş məşqçi kimi heç bir uğuru olmayan Andrey Demçenko. Ukraynalı məşqçi “Araz Naxçıvan”ı nəinki böhrandan çıxartdı, əksinə, onu quyunun lap dibinə saldı.
“Karvan Yevlax” və “Kəpəz”dən sonra mövsümdə ən çox - 33 oyunda 58 qol buraxan komanda “Araz” oldu.
Martın 18-dən sonra Naxçıvan klubunda rəqibləri üçün sanki bonus kampaniyası başladı. Kimə vacib xal lazım idisə, Demçenkonun komandası onlara uduzmağa hazır vəziyytədə idi.
Yalnız mövsümün son 2 turunda - artıq bütün suallara cavab tapıldıqdan sonar “Kəpəz” və “Zirə” üzərində əhəmiyyətisz qələbələrlə “Araz Naxçıvan” mövsümü 6-cı yerdə - Demçenkonun qışda təhvil aldığı mövqedə başa vurdu.
Bu məşqçini Zaur Axundova məsləhət görənlər bəlkə də mövsümün sonunda gizlənməyə siçan deşiyi axtarırdı.
Artıq o heyət dağılıb, Demçenko və köməkcilərinin ardınca 10-dan cox futbolçu, o cümlədən, “Araz Naxçıvan”ın bumövsümkü bombardiri Ba Muaka Simakala, Felipe Santos, və digərləri yola salınıb. Nəticələr haqqında bu qədər.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

