Cavid Hüseynov bacarıqlı mütəxəssisdir.
Bu qənaətə hələ "Şamaxı"dakı ilk mövsümündən gəlmişdim.
Yalnız yerli oyunçulardan qurulan bölgə klubunda bərk kollektiv formalaşdıra bilmişdi. Əbəs deyil ki, son tura qədər liqada qalmaq uğurunda mübarizəsini davam etdirdi.
Bəlkə təcrübəsizliyi, bəlkə də heyətdə əcnəbilərin olmaması uğursuz nəticəni qaçılmaz etdi.
Amma oynatdığı futbolla ən azı daha bir şans almağı haqq edirdi.
Qısa müddət "Turan Tovuz"da Kurban Berdiyevin köməkçisi işlədi. Bildiyim qədərilə rusiyalı mütəxəssis onun bacarığından məmnun qalıb.
Ardınca "Səbail"ə gəldi. Həmin şansını istifadə etməyə.
Hələ onda da yazmışdıq ki, riskli qərardır. Bəli, məşqçi təkliflərə açıq olmalıdır. Amma bəzən riskləri də önləməsini bilməlidir.
Birinci Liqanın astanasında olan kluba gəlib, "Şamaxı"dakı taleyi yaşamaq çox real idi.
Hüseynov işləmək həvəsilə Bayıla gəldi.
Amma ömrü uzun sürmədi. Liqanın sonunu gözləmədən klubdan ayrıldı.
O bir şans havaya uçuruldu deyə bilərik.
Lakin son olmadı.
Cəmi 1 il sonra gənc mütəxəssisə yenə meydan verilib.
Bu dəfə "Araz Naxçıvan"da. "Şamaxı"dan, "Səbail"dən də çətin ünvanda.
Muxtar respublika klubundan yaxın keçmişdə uğurlu olduğu halda göndərilən Azər Bağırov, Elmar Baxşıyev kimi nümunələr var. Qısası, 38 yaşlı mütəxəssisin seçimləri bacarığı ilə yenə tərs mütənasibdir. Gözləyək... Görək bu dəfə onun başına nələr gələcək.
XANOĞLAN / SPORTİNFO.AZ

