Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov yenidən «Araz-Naxçıvan»la məşğul olmağa başlayıb. O, bir neçə aylıq fasilədən sonra klubun işlərinə vaxt ayırıb.
NFF-nın başçısı Cavid Hüseynovla görüşüb. İş adamı komandanın yeni çalışdırıcısı ilə xeyli söhbət edib, ondan gözləntilərini dilə gətirib. Axundov «Araz»da islahat aparmasını, döyüşkən kollektiv yaratmasını istəyib. Bildirib ki, doğma şəhərinin təmsilçisini turnir cədvəlinin aşağı yerlərində görməyi qətiyyən arzulamır, bunun üçün əlindən gələni etməyə hazırdır. Mövcud şərtlər daxilində klubu normal yaşatmağa çaloışdığını söyləyən Axundov qeyd edib ki, hər şey nəticələrdən asılıdır. Əgər Hüseynov etimadı doğruldarsa, o, «ağ-qırmızılar»a diqqətini bir qədər də artıracaq.
Yeri gəlmişkən, məlumunuz olsun ki, AFFA-nın sabiq icraçı virse-prezidenti Elxan Məmmədov yeni baş məşqçi tapmaqda «Araz-Naxçıvan»a yol göstərib.
Rəhbərlik Cavid Hüseynovu onun məsləhəti ilə komandanın sükanı arxasına gətirib.
Hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsini tutan E.Məmmədov yaxşı münasibətdə olduğu mütəxəssisə şansı tanımasını istəyib.
Zaur Axundov onun xahişini yerə salmayıb.
Cavid Hüseynov son olaraq «Cəbrayıl»da çalışıb. Amma qeyri-rəsmi - I Liqada mübarizə aparan komandanı gündəlik məşqə çıxarsa da, adı protokola salınmayıb.
Muxtar Respublika təmsilçisi «Araz»a qədər Premyer Liqada iki komandanın başında dayanıb. «Şamaxı»da 1 il, «Səbail»də 5 aya yaxın işləyib.
Naxçıvan klubu ötən mövsümə Elmar Baxşıyevlə başlayıb, bu ilin yanvarında isə onu Andrey Demçenko ilə əvəzləyib.
Kollektiv avrokuboklara vəsiqə qazanmadığı üçün ukraynalı çalışdırıcı bir neçə gün öncə buradan ayrılıb.
SPORTİNFO.AZ

