"Araz-Naxçıvan"ın yeni müqavilə imzaladığı qapıçısı Tərlan Əhmədli Sportinfo.az-a açıqlama verib.
Təcrübəli kiper başa çatan mövsümü dəyərləndirib.
O, ötən mövsümlə müqayisədə komandasının uğursuzluq yaşamasına aydınlıq gətirib:
"Bu mövsüm də bizim üçün kifayət qədər mübarizəli və məsuliyyətli keçdi.
Keçən mövsüm əldə etdiyimiz uğurlar - medalçılar sırasında yer almağımız və avrokuboklarda mərhələ adlamağımız həm klub, həm də futbolçular üçün böyük motivasiya idi.
Təbii ki, bu uğurun davamını gətirmək istəyirdik. Amma futbol elədir ki, bəzən xırda detallar çox şeyi həll edir.
Mövsüm ərzində bəzi oyunlarda istədiyimiz nəticələri ala bilmədik, müəyyən xal itkiləri oldu. Buna baxmayaraq, komanda daxilində inam və birlik həmişə qorundu.
Düşünürəm ki, bu mövsüm bizə bəzi məqamlarda stabillik və bir az da şans çatmadı.
İnanıram ki, Araz-Naxçıvan gələcəkdə daha güclü şəkildə yenə öz sözünü deyəcək və azarkeşlərimizi sevindirəcək".
XANOĞLAN

