«Araz-Naxçıvan»ın legionerləri Azərbaycanı tərk etməkdə problemlə üzləşib.
Bu barədə redaksiyamıza həmin oyunçulardan biri məlumat verib.
Saytımıza danışan əcnəbi futbolçu klubun maliyyə çatışmazlığı ilə üzləşdiyini, təyyarə bileti almaqda çətinlik yaşadığını bildirib:
«Adətən, bu məsələlər aylar, bəzən həftələr öncə həll olunur. Azərbaycanda çempionat bir neçə günə başa çatacaq.
Biz isə ölkəmizə nə vaxt qayıdacağımızı hələ dəqiq bilmirik. Bizə gündə bir söz deyirlər.
Əksər hava yollarının bağlanmasını biz də bilirik. Deyirlər, biletlərin qiyməti kəskin qalxıb, hamıya almağa gücümüz çatmır.
Klub rəhbərliyindən yalnız Eldəniz Yusifovu tapa bilirik. İcraçı direktor bizi dilə tutur ki, sakit olun, səs-küy salmayın.
Açığı, «Araz-Naxçıvan»da indi ondan başqa ortalığa çıxan ikinci adam yoxdur. Biz də məcburuq ki, hər sözümüzü gedib ona deyək.
Özümüz də görürük ki, direktor necə narahat və yorğundur. Onda da dəqiq cavab yoxdur.
Başa düşürük, pulu o, vermir, bəs biz gedib şikayətimizi kimə deyək? Deyəsən, bütün legionerlər eyni vaxtda evinə qayıda bilməyəcək.
Bizi hissə-hissə, pul tapıb bilet aldıqca yola salacaqlar. Bu da nə qədər vaxt aparacaq, bilmirik. Çox narahatıq».
SPORTİNFO.AZ

