Avrokuboklara vəsiqə qazanmayan «Araz-Naxçıvan»da böhran dərinləşib.
Həm Premyer Liqada, həm də ölkə kubokunda uğursuz çıxış edən Muxtar Respubika təmsilçisinin perspektivi dumanlı görünür.
«Ağ-qırmızılar»ın yeni mövsümlə bağlı bütün planları qeyri-müəyyənlik içinlədir. Region klubu müqaviləsi bitmək üzrə olan oyunçuların heç birinə təzə sözləşmə təklif etməyib.
Bu barədə saytımıza məlumat verən oyunçuların bildirdiyinə görə, rəhbərlik maaş borcunu ödəyib, lakin gələn sezonla bağlı onlarla söhbəti olmayıb.
Bu da Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun biznes sferasında yaranmış problemlərlə əlaqədardır. Funksionerlər komanda üzvləri ilə görüşləri zamanı dəqiq fikir söyləmir.
Demirlər ki, vəziyyətə nə vaxt aydınlıq gələcək. Çünki özləri də prosesin hansı məcrada inkişaf edəcəyindən bixəbərdir.
Gözlənilən isə budur ki, «Araz»ın büdcəsi yayda dəfələrlə azaldılacaq, yüksək əməkhaqqı alan futbolçuların hamısıyla yollar ayrılacaq.
SPORTİNFO.AZ

