Başsız atlı necə olur? «Araz-Naxçıvan» ötən ilin noyabrından bəri o haldadır.
Zaur Axundovun yaşadığı problemlər komandanı göydən yerə çırpıb.
«Araz» bir nəfərdən asılıdır. Onun hənirtisi, səsi, sözü və puluyla yaşayan klubdur.
Burada havanı Axundov müəyyənləşdirir. Şəxsin problemləri isə aylardır başından aşır.
Rəhbərin haqqında çıxan bütün xəbərlər sürətlə yayılır, məşqçi də, futbolçular da onu oxuyur və təsirlənir. Təbii, mənfi yöndə.
Zaur Axundov futbol hayında deyil hazırda. Naxçıvan Futbol Federasiyasının prezidentini qayğılandıran daha ciddi, daha əhəmiyyətli məsələlər var.
Nə vaxt bu problemləri həll edə biləcək, «Araz» da o zaman aydınlığa çıxacaq. Həmin tarixədək qaranlıq otaqda bir küncə sıxılıb dayanacaqlar.
Premyer Liqada ard-arda gələn məğlubiyyətlər Zaur Axundovun ümumi vəziyyətinin təcəssümüdür.
İşləri qaydasında getsəydi, Elmar Baxşıyevi yanvarda yola salmağa gərək qalmazdı. Özü dayandırdı komandanın başının üstündə, onu «resl»dən çıxmağa qoymazdı.
Futbolçu isə uzun müddətdir rəhbərin üzünü görməyə, səsini eşitməyə həsrətdir. Bu da istər-istəməz psixoloji çöküşü qaçılmaz edir.
Andrey Demçenko iki həftə sonra Azərbaycanla birdəfəlik vidalaşacağını bilir, oyunçu da taleyi qeyri-müəyyən olan klubdan ötrü meydanda can qoymağa risk eləmir.
O, yayda bir qədər istirahət etməyi və gələn digər təklifləri gözdən keçirməyi düşünür.
MUSA

