Azərbaycanın tanınmış klubunun büdcəsi azaldı, iddiasını itirdi - SON DƏQİQƏ

16:00 Araz-Naxçıvan 326
Azərbaycanın tanınmış klubunun büdcəsi azaldı, iddiasını itirdi - SON DƏQİQƏ

«Araz-Naxçıvan»ın hədəfləri kiçilib.

Premyer Liqanın bürünc medalçısı növbəti mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparmayacaq.

Bununla əlaqədar futboçulara məlumat verilib. Bildirilib ki, klub gələn sezona indiki ilə müqayisədə xeyli aşağı büdcə ilə başlayacaq.

Səbəb Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun biznes fəaliyyətində yaranan durğunluqdur.

Belə ki, iş dünyasında müxtəlif sıxıntılar yaşayan NFF-nın birinci şəxsi daha öncəkitək futbol sferasına maddi dəstək olmaq gücündə deyil.

Odur ki, «ağ-qırmızılar» yayda yüksək məbləğə müqavilələr imzalamayacaq. Başqa sözlə, bahalı oyunçuların hamısı iyunda düşərgəni tərk etməli olacaq.

Maaş həddi xeyli aşağı endiriləcək, yeni şərtlərlə qalmağa razılıq verməyənlərə qapını göstərəcəklər.

Zaur Axundov yaxınlarda ölkə mediasına verdiyi müsahibədə vəziyyətin kritik olduğunu söyləyib:

«Mənim özümün Naxçıvan Futbol Federasiyasında qalıb-qalmayacağım, kluba himayədarlıq edib-etməyəcəyim sual altındadır.

Bilirsiz ki, bu klubu biz yaratmışıq. Maliyyəni də hər zaman biz ayırmışıq.

2023-cü ildə “Araz-Naxçıvan” Premyer Liqaya yüksələndə mən dəstək gözləyirdim. Xüsusən də naxçıvanlı iş adamlarından.

Çünki klub yarım milyona yaxın əhalisi olan Naxçıvanı təmsil edir. Qısa zamanda kiçik büdcə ilə Elmar Baxşıyevin rəhbərliyi altında bürünc medal qazandı,

UEFA Konfrans Liqasında “Aris” kimi klubu mübarizədən kənarlaşdırdı. Təəssüf ki, komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi.

Kiməsə zəng vurub demək ki, kluba pul ayırın, bu, mənim xasiyyətimə yaddır. Dövlət tərəfindən, AFFA tərəfindən hər kluba dəstək var.

Lakin təkcə həmin maliyyə vəsaiti ilə iddialı klub yaratmaq qeyri-mümkündür. Belədə sadəcə liqada qalmaq uğrunda mübarizə apara bilərsən. Mən isə belə şeyə öyrəşməmişəm.

Naxçıvan Futbol Federasiyasının rəhbəri postundan getsəm, “Araz-Naxçıvan”ın taleyi necə olacaq? Hələ vaxt var.

Zaman necə olacağını göstərəcək. Amma dediyim kimi, mən gözlədiyim dəstəyi görmədim.

Kiməsə məcburən komandaya sponsorluq et də deyə bilmərik. Sadəcə, bilmək lazımdır ki, bu komanda Naxçıvanı təmsil edir.

Cari mövsüm bu büdcə ilə 5-6-cı yerdəyiksə, bunun özü yaxşı nəticədir. Bir sözlə, hər şey maliyyəyə bağlıdır.

Ad olaraq komanda qalsın, növbəti il aşağı liqaya düşsün - mən bunu qəbul edə bilmərəm. “Keşlə”də 2 dəfə kuboku qazandıq, 1 dəfə üçüncü olduq, avrokuboklarda çıxış etdik.

Hazırkı vəziyyətdə isə 4-5 milyonla iddialı komanda formalaşdırmaq demək olar ki, mümkünsüzdür. Dediyim kimi, hərənin öz baxışı var.

Bu da mənim yanaşmamdır. “Araz-Naxçıvan” kimi formalaşmış komandanı itirmək olmaz. AFFA rəhbərliyi ilə bu barədə söhbətimiz olacaq».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti