Yuri Vernidub, Valdas Dambrauskas kimi bacarıqlı əcnəbi mütəxəssislərin ölkəmizə gəlməsi hamımızı sevindirir.
Həm litvalı, həm də ukraynalı çalışdırıcı ilk gündən öz məharətini göstərə bilir.
Dambrauskas "Sabah"a tarixində ilk çempionluğu yaşatdı, Vernidub isə "Neftçi"ni süni nəfəs aparatından ayıra bildi. "Ağ qaralar"ın tərəfdarları bu gün son illər heç olmadığı qədər sabaha ümidlə baxa bilir.
Hər ikisi liqaya öz ağırlığını qoyub, yerli məşqçilərə başağrısı ola bilir.
Təbii ki, gəlmələrin hamısı barədə də bu sözləri danışmaq olmur.
Götürək Andrey Demçenkonu.
Qış fasiləsində "Araz-Naxçıvan"ın başına gətirilən ukraynalı ortaya heç bir iş çıxara bilmədi.
Vernidubun həmyerlisi əldə-ovucda olanı da dağıtdı.
Nə nəticə var, nə də bir oyun fəlsəfəsi.
Müəmmalı şəkildə istefaya göndərilən Elmar Baxşıyevli "Araz-Naxçıvan" qış fasiləsinə ikinci pillədən cəmi 2 xal geridə yollanmışdı.
Demçenkolu "Araz" o qədər bərbad nəticələr göstərdi ki, yerində saymaq bir yana, sürətlə geri addımladı.
Komanda ilk 2-3 oyunundacaq medalçılar sırasında uzaq düşdü.
Sona 6-7 tur qalmış avrokuboklar şansı bitdi.
Sona 3 tur qalmış isə naxçıvanlıları 8-ci pillədən cəmi 5 xal ayırır.
Bu mənzə qarşısında veriləcək tək sual var - Sizə Demçenko lazım idi?
XANOĞLAN / SPORTİNFO.AZ

