Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın Hakimlər Komitəsinin sabiq Xaqani Məmmədovun "Araz Naxçıvan"ı tənqid etməsinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, deyib:
"Mən bütün futbol verilişlərinə baxıram. Bilmədiyim məqamları öyrənirəm, maraqlı təhlillər edirlər. Həmişə jurnalistlərə hörmətlə yanaşıram.
Elə olur ki, təhlillərdən nəsə öyrənirəm, bunu da özüm üçün normal sayıram. Amma “İdman” kanalında Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov nədənsə daim “Araz-Naxçıvan” haqqında mənfi fikirlər səsləndirir.
Xaqani müəllimlə çoxdan tanışıq. Hələ o, hakim olan vaxtlardan. Görəndə özündən də soruşacam, sadəcə mənə maraqlıdır, son 6 ayda hər bazar ertəsi o, ancaq “Araz-Naxçıvan”ın əleyhinə danışır.
Bilmirəm niyə? Digər komandalardan danışırlar, növbəti “Araz-Naxçıvan”a çatanda başlayırlar ki, xaosdur, bilinmir nə komandadır, buna futbol ictimaiyyəti də baxır axı. Niyə komanda haqqında mənfi rəy yaratmağa çalışırlar?
Əgər Xaqani Məmmədovun Azərbaycan futboluna canı yanırsa, əksinə, dəstək olsun, Naxçıvan stadionundan danışsın.
Bəlkə nəyəsə faydası oldu. Bütün komandaları təhlil edirlər, növbə “Araz-Naxçıvan”a çatanda Xaqani müəllim xəncəri götürüb düşür komandanın üstünə (gülür).
Verilişə futbolçular da baxır. Qərəzi hakimlərdən çox Xaqani Məmmədovun bu cür açıqlamalarında görürəm.
Keçən dəfə Tərlan Əhmədovla birgə danışırlar... Tərlan Əhmədov yaxın keçmişə nəzər salsaydı, inanmıram elə sözlər deyərdi.
Çox şeyləri açıqlamaq olmur. Belə olmaz da. Komanda udanda da mənfi fikirlər səsləndirirlər, uduzanda da.
Komandanın içində xaos var deyirlər. Belə maraqlıdırsa, futbolu ürəkdən sevirlərsə, Xaqani Məmmədov gəlsin məndən soruşsun, vəziyyətlə maraqlansın. Fritz Stuçlik də getdi, hamı da getdi, indi düşüb “Araz Naxçıvan”ın üstünə".

