Azərbaycan millisinin noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi monteneqrolu ədalət təmsilçisi olacaq.
Əsas referi Nikola Dabanoviçə yan xətlərdə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.
43 yaşlı Dabanoviç 2009-cu ildən FİFA hakimidir. O, geridə qalan 16 ildə klub və milli komandalar səviyyəsində 91 oyun idarə edib.
O, bizimkiləri, bizimkilər də onu yaxşı tanıyır. 3 dəfə milli, 1 dəfə klub yarışlarında Azərbaycan təmsilçilərinin matçlarında iş başında olub.
Dabanoviç azərbaycanlıların oyununa ilk dəfə 2015-ci ildə təyinat alıb. Həmin vaxt U-19-ların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimiz səfərdə Fransanın qonağı olub ki, gənclərimiz 2:0 hesabı ilə məğlub olub.
Monteneqrolu referinin yolu bizimkilərlə növbəti dəfə Bakıda kəsişib. 2017-ci ilin sentyabrın 4-də Azərbaycan millisi Bakıda San-Marinonu qəbul edib
Robert Prosineçkinin yetirmələri 8-ci km qəsəbə stadionunda “cırtdanlar” üzərində 5:1 hesablı qələbə qazananda, Dabanoviç meydanda yaşananlara nəzarət edib.
2018-ci ilin sentyabrın 10-da Azərbaycan yığması Millətlər Liqası çərçivəsində səfərdə Malta önünə çıxanda, baş məşqçi Qurban Qurbanov idi.
Dabanoviç 10-cu dəqiqədə bizimkilərin qapısına penalti təyin etməsinə baxmayaraq, 26-cı dəqiqədə Təmkin Xəlilzadənin qolu yekunda 1:1 hesabının qeydə alınmasına səbəb olub.
Səbəbkarın adını sonuncu dəfə 2022-ci ilin fevralında eşitmişik. “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Fransada “Marsel”lə münasibətlərinə aydınlıq gətirdiyi gün idarəçiliyi məhz Nikola edib.
Fevralın 17-də Azərbaycan çempionunun 1:3 hesabı ilə uduzduğu oyunda monteneqrolu referi fransızlara 3 sarı vərəqə göstərib.
Bu, Dabanoviçin ölkəmizə ikinci səfəri olacaq. Maraqlıdır ki, yenə 8-ci km stadionunda fit çalacaq. “Qarabağ”ın heyətindəki milli üzvləri ona tanış simadır. 8 il əvvəl yığmamız onun idarəçiliyi altında 5:1-lik qələbəyə sevinmişdi. Görək, bu dəfə necə olacaq.
Noyabrın 13-də baş tutacaq Azərbaycan – İslandiya qarşılaşmasının start fiti saat 21:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

