"Vergi Məcəlləsinə" təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2500 manatadək əmək haqqı 3.0 faiz gəlir vergisinə cəlb ediləcək.
Dövlət və neft-qaz sektorunda olduğu kimi özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub. Bura minimum əməkhaqqı - 400 manat alanlar da daxildir.
İqtisadçı, deputat Vwqar Bayramov bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyi təkliflərdən biri minimum əmək haqqının gəlir vergisindən azad edilməsi ilə bağlı olub.
İqtisadçı hesab edir ki, əksər dövlətlərdə minimum əmək haqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur: “Həm dövlət, həm də özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik”.
Deputat vurğulayıb ki, həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər.
“Belə ki, bu halda gəlir vergisi hesablanan zaman vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər”, - o əlavə edib.

