Bu gün saat 21:45-dən etibarən Avropanın gözü Bakıda olacaq.
Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək.
Tofiq Bəhramov və İngiltərə adı bizi təxminən 60 il əvvələ qaytarsa da, mövzu başqadır.
“Çelsi” bütün komponentlərdə təmsilçimizi üstələyir. Elə bir əsas yoxdur ki, ondan yapışıb “köhlən atlar”ın uğurlu nəticə qazanacağına ümid edək. Yəni, ingilislər bütün hallarda qarşılaşmanın aşkar favoritidir.
Amma yox, xeyrimizə işləyə biləcək bir məqam var – “Qarabağ”ın adı, döyüşkən ruhu, mübarizliyi. İllərdir Avropa arenalarında Azərbaycan və Qarabağ adlarını layiqincə təmsil edən komandamız məhz mübarizliyi hesabına gecənin sürpriz nəticələrinə imza atmağı bacarıb.
“Anderlext”, “Kopenhagen”, “Ferenetsvaroş”, “Legiya”, “Nant”, “Lex”, “Olimpiakos”, “Braqa”, “Benfika” üzərində parlaq qələbələr, “İnter”, “Sent-Etyen”, “Monako”, “Atletiko Madrid”, “Frayburq”, “Bayer Leverkuzen” kimi “böyük beşlik” ölkələrinin təmsilçiləri ilə heç-heçələr bu günə qədər yaddaşımızın ən etibarlı yerində dayanıb.
“Qarabağ” təcrübəsinə, büdcəsinə, nüfuzuna görə bu klubların hansını üstələyir? Heç birini! Rəqiblərinin imkanına yaxın düşə bilmədiyi halda qalib gəlməyi, xal qazanmağı bacarıb.
Vaxt-vədə yetişib. İndi isə “Çelsi”ni şoka salmağın vaxtıdır. Qələbəyə gərək yoxdur, heç lazım da deyil.
Çempionlar Liqasının 2 qat qalibindən, Klublararası son dünya çempionundan alınacaq 1 xalı dünya azərbaycanlıları 3 xal kimi bayram edəcək.
Haydi, “Qarabağ”! Döyüş, vuruş, savaş, o 1 xalı ingilislərdən al! Sən ki, bunu yaxşı bacarırsan.
HƏBİB / SPORTİNFO.AZ

