Bəhlulun yaxşı tanıdığı “amansız” ilk dəfə Bakıya gələcək

4 Noyabr 21:20 Araşdırma 296
Bəhlulun yaxşı tanıdığı “amansız” ilk dəfə Bakıya gələcək

Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Sebastyan Gishamer olacaq.

Ona yan xətlərdə Roland Riedel və Santino Şreyner kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.

37 yaşlı referi 2017-ci ildən Avstriya Bundesliqasının oyunlarına təyinat almasına baxmayaraq, FİFA və UEFA-nın bayrağı altında keçirilən yarışlarda 2019-cu ildə debüt edib.

O, geridə qalan 6 il ərzində milli və klub səviyyəsində keçirilən müxtəlif turnirlərdə 53 matçı baş hakim qismində idarə edib. Bunların 3-də meydanda Azərbaycan təmsilçiləri olub.

İlk dəfə 2017-ci ilin iyunun 5-də Azərbaycan və Çexiyanın U-21-ləri Avstriyada yoldaşlıq görüşündə üz-üzə gələndə, Gismaher oyunu idarə edib. Matç çexlərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Avstriyalının azərbaycanlılarla yolu növbəti dəfə 2023-cü ildə kəsişib.

Oktyabrın 5-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveçdə “Haken”lə “Qarabağ” arasında gerçəkləşən dueldə meydanda əsas söz sahibi Sebastyan olub. Azərbaycan çempionu Juninyonun vurduğu yeganə qolla qələbəyə sevinib.

Ötən ayın 13-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada Ukrayna və Azərbaycan milliləri arasında gerçəkləşən dueli də məhz bu şəxs diqqətdə saxlayıb.

Ukraynalıların 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada avstriyalı söz sahibi dörd futbolçuya sarı vərəqə göstərib ki, bizimkilərdən yalnız Şahruddin Məhəmmədəliyevi cəzalandırıb.

Bu üç oyunla bağlı maraqlı məqam Bəhlul Mustafazadənin adı ilə bağlıdır. Belə ki, 28 yaşlı müdafiəçi 2017-ci ildən bu yana Gismaherin idarəçiliyi ilə keçən bütün oyunlarda meydanda olub. Həm U-21-in, həm əsas millinin, həm də “Qarabağ”ın.

Bakıya ilk dəfə səfər edəcək səbəbkar vətənində amansız hakim kimi tanınır. 37 yaşlı fit sahibi karyerası ərzində bütün yarışlarda idarə etdiyi 360 oyunda 1525 sarı, 98 sarı vərəqə göstərib. 101 halda isə qapılara penalti təyin edib.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı