Ölkə xaricində legioner həyatı yaşayan azərbaycanlı futbolçuların sayı iki əlin barmaqlarına sığmayacaq qədər azdır.
Burada söhbət yerli pasporta sahib olan qeyri-azərbaycanlılardan, yaxud futbolun sirlərinə Rusiya, Ukrayna kimi ölkələrdə yiyələnənlərdən yox, Azərbaycan futbolunun yetirmələrindən gedir.
Rüfət Abdullazadə də belələrindəndir. Sumqayıtda doğulan, futbolda ilk addımlarını “Sumqayıt”da atan, “Səbail”də parlayan solaxay cinah oyunçusu.
24 yaşlı həmyerlimiz bu ilin yayında Xorvatiya klubu “Varajdin”ə keçəndən sonra futbolsevərlərin bir qismi Rüfətin Azərbaycan millisindən kənarda qalmasının səbəbini axtarmağa çalışır. Hətta buna görə baş məşqçi Ayxan Abbasovu qınayanlar da az deyil.
Bir futbolçunun millinin formasını haqq etməsi üçün klubundakı göstəriciləri olduqca vacibdir. Elədirsə, diqqət yetirək, görək, Abdullazadə iyuldan bu yana “Varajdin”də nə edib, nə ilə yadda qalıb.
Xorvatiya təmsilçisi yerli çempionatda 10 oyun keçirib. Bu görüşlərdən 4 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə ayrılmaqla 15 xalla 4-cü pillədə qərarlaşıb.
Rüfət 3 matçda əvvəldən sona qədər ehtiyatda qalıb. Şans qazandığı 7 görüşün cəmi 2-də “11-lik”də yer almaqla ümumilikdə 295 dəqiqə top dalınca qaçıb. Məhsuldarlıq göstəricisi cəmi 1 qol ötürməsi olub.
Xorvatiya kubokunda 3-cü liqa təmsilçisi “NK Gaj Maçe” ilə görüşdə baş məşqçi Rüfətə əsas heyətdə güvənib ki, həmyerlimiz komandasının 7:1 hesablı qələbəsinə 1 qolla töhfə verib və 66 dəqiqə meydanda olub.
Vəssalam!
Görünən budur ki, son iki mövsümdə “Səbail”in heyətində xarüqələr yaradan futbolçu (15 qol, 14 assist) Xorvatiyanın ortabab komandasında ehtiyat oyunçu statusu ilə barışıb.
İndi siz deyin, baş məşqçi Rüfəti milliyə dəvət etməlidir, yoxsa yox?
HƏBİB

