COP29

“Qarabağ”ın mərhələni “bir ayaqla” adlayacağını deyə bilmərəm"

21 İyun 01:20 Araşdırma 1 897
“Qarabağ”ın mərhələni “bir ayaqla” adlayacağını deyə bilmərəm"

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 77 yaşlı mütəxəssis “report”a açıqlamasında “Qarabağ”ı daha şanslı gördüyünü söyləyib.

“Qarabağ"ın hədəfi Çempionlar Liqasının qrup mərhələsidir və buna hazırlıq gedir. Komanda yay hazırlığını Avstriyada keçəcək. “Qarabağ”ın mərhələni “bir ayaqla” adlayacağını deyə bilmərəm. Amma həm imicinə, həm də Avropadakı çıxışına görə komandanın üstünlüyü böyükdür”, - A.Mircavadov bildirib.

O, “Zirə”nin az qol buraxmasının ümidverici olduğunu vurğulayıb: “Zirə” “Şerif”lə qarşılaşacaq. Baş məşqçi Rəşad Sadıqov “Qarabağ”da futbolçu kimi çıxış edəndə “Şerif”ə qarşı oynayıb. Desəm ki, zəif rəqibdir, belə deyil. Komanda Çempionlar Liqasında oynayıb, qələbələri olub. Tanış klubdur. Əvvəl heyətdəki 11 futbolçunun 10-u legioner idi. İmkanları olduğu üçün əsasən legionerlərə üstünlük verirlər. Yerlilərə nadir hallarda diqqət yetirirlər. İlk oyundan çox şey asılı olacaq. Həm də Avropada səhvlərdən istifadə edirlər. “Zirə”dən çox şey gözləyirik. Hazırlıq və çempionat oyunlarında az qol buraxmaları ümid verir”.

Mütəxəssis “Sumqayıt”a səviyyəli legionerlər lazım olduğunu deyib: “Sumqayıt”ın baş məşqçisi Samir Abasov açıqlamasında maliyyə çətinlikləri yaşadıqlarını demişdi. Onlara xüsusən də legioner futbolçular lazımdır. Amma Konfrans Liqasına vəsiqə qazanıblarsa, şərəflə oynamaq lazımdır. Düzdür, Macarıstan klubu adlı-sanlı deyil. Lakin Macarıstan futbol ölkəsidir. Milliləri də Avropa çempionatında iştirak edir. Futbolçuların əksəriyyəti xaricdə oynayır. “Fehervar”ın potensialı yüksəkdir, buna rəğmən, “Sumqayıt” layiqli oyun göstərməlidir”.

“Şöhrət" ordenli məşqçi “Sabah”a daha çətin rəqib düşdüyünü vurğulayıb: “Sabah” İsrail klubu ilə rəqib olub. Çətin olsa da, komandaya inanıram. İmkanları, keyfiyyətli futbolçuları var. “Sabah”ın hazırlıq planı ilə tanış olmuşam, normaldır. Qəbələdə başlayıb, sonra xaricə gedəcəklər, orada 4 oyun keçirəcəklər. Heyətin təkmilləşdirilməsi üçün oyun keçirmələri vacibdir. İsrail komandasının durumu haqqında məlumatım yoxdur. Amma ümumilikdə son vaxtlar bizimlə müqayisədə İsrail klubları daha üstün olublar”.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək. UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk görüşləri 25 iyulda, cavab qarşılşamaları avqustun 1-də baş tutacaq.

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllüttariq) cütünün qalibi ilə görüşəcək. "Zirə" Avropa Liqasının ilk təsnifat mərhələsində "Şerif"lə (Moldova), "Sumqayıt" Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın "Fehervar", "Sabah" isə İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılşacaq.

Xəbər Lenti