De Byazi, Mərdəkanda satılan torpaq, obyekt almaq istəyən dostum

3 Dekabr 2021 15:00 Araşdırma 1 021
De Byazi, Mərdəkanda satılan torpaq, obyekt almaq istəyən dostum

REPLİKA

ABŞ-da yaşayan dostum zəng vurmuşdu.

Neçə vaxtdır Bakıda obyekt almaq istəyir, onun söhbətini edirdik.

Dedim, millət ölkədən qaçır, sən də bura qayıtmaq istəyirsən.

Söhbət futboldan düşəndə Canni de Byazinin taleyi ilə maraqlandı. İcraiyyə Komitəsində toplaşanların yığıncağı təzəcə başa çatmışdı

. Dedim, anlaşmanı yenilədilər, amma 1 illik yox, 10 aylıq. Əsəbiləşdi, bir xeyli söydü. Sual verdi ki, qrupdakı xal sayı vacib deyildisə, Qurban Qurbanovu niyə saxlamırdılar, Nikola Yurçeviçi nöşün yola salırdılar?

Jurnalistəm, idmandan xəbərdar adamam axı dostum üçün. Nəsə düz-qoş edib deməliydim. Dedim, Qurbanovun həm də “Qarabağ”ı çalışdırması AFFA-dakılara xoş gəlmirdi. Ona görə göndərdilər.

Növbəti sualı cavablandırmalıydım:
- Bəs, Yurçeviçi niyə yola saldılar?

- Dedim, Nikola gülərüz idi, mətbuata yaxınlığı ilə seçilirdi, hamı ilə danışırdı. Bu da AFFA-dakılaa sərf etmirdi. Onlara Canni kimi “qul” lazımdır, “otur” deyəndə oturur, “dur” deyəndə durur. Əsas pulu gəlsin.

Nə isə, bu qədər danışdıqlarım boşa getdi. Axırda qayıtdı ki, get özünlə məzələn. İnanmadı gətirdiyim əsaslara.

Hop, qəfil ağlıma ideya gəldi, başladım onu nəql etməyə.

Dedim, bayaqdan sənə demək istəmirdim ki, xətrinə dəyər, səhv başa düşərsən. Düşünərsən ki, sənə Bakıda obyekt almamağı tövsiyə edirəm, italiyan gəlib Mərdəkanda torpaq satır.

Dostum çaşıb qaldı. Səsi batdı, dəliyə döndü. Dedi, sən canın zarafatı yığışdır, danış görüm, italiyan kimdir, Mərdəkanda torpaq nədir?
Hadisəni olduğu kimi nəql etdim.

Dedim, Canni de Byazi ilə Elxan Məmmədov bir neçə gün əvvəl yeni müqavilə ilə bağlı söhbət edəndə, baş katib büdcənin azaldığını və onu yola salmaq istədiklərini bildirib.

Bakının havasından zövq alan, insanlarından xoşhallanan, jurnalistlərini görəndə sevinən De Byazi də Məmmədova qayıdıb ki, bəs, maaşımın iki dəfə azaldılmasına razıyam, təki burda qalım. Məmmədov yenə imtina edib, “qara qəpik” olmadığını deyib.

Çoxbilmiş italiyalı yerinə gətirmək istədiklərii məşqçinin hansı pula işləyəcəyi ilə maraqlananda, baş katib yerli mütəxəssis tapacaqlarını, nisyə işlədəcəklərini, “Dalğa Arena”nın yaxınlığında AFFA-ya məxsus torpaq sahəsini satandan sonra həmin məşqçinin məvacibini verəcəklərini bildirib.

De Byazi bu dəfə də cəld tərpənib. Elxan Məmmədovun gözlərinin içinə baxaraq deyib ki, həmin şərtlə mən də işləyə bilərəm, amma tələbim var, torpağı keçirin adıma, özüm satım. Əl sıxıb, razılaşıblar.

Assosiasiya xeyli vaxtdır dəniz kənarında yerləşən “yağlı torpağı” sata bilmir. Bu gün məcburiyyətdən sayt vasitəsilə ilə həm Canni de Byazi ilə müqavilənin yenilənməsini, həm də torpaq satışını ictimaiyyətə çatdırdılar ki, bəlkə De Byazinin qalıb-qalmaması xəbərini oxuyan kimsə torpağı almaq həvəsinə düşər.

Dostum bunları eşidən kimi telefonu qulağıma qapadıb, mesaj yazdı ki, bəs, italiyan məşqçi Mərdəkanda torpaq alıb-satır, sən də deyirsən, Bakıda obyekt alanın ağlı yoxdur, yalançıyam, işbazam, nə bilim...

İndi gəl binəvanı inandır ki, bayaqdan danışdıqlarım nağıldır. Nağıllar aləminə düşmüşük axı: İcraiyyə Komitəsi, Canni de Byazi, torpaq satışı, baza təmiri...

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti