“Mingəçevir”də sular durulur – futbolçular etirazı dayandırdı
“Mingəçevir”də sular durulur.
I Liqanın 7-ci tur çərçivəsində “Şahdağ Qusar”la keçirilməli olan oyunu boykot edən “işıqlar şəhəri”nin təmsilçisi növbəti matça hazırlaşır.
Belə ki, klub rəhbərliyi maliyyə problemlərini yoluna qoymaq üçün əməli fəaliyyətə başlayıb.
Ötən mövsümdən yığılıb qalan borcların bir hissəsi ödənilib. Cari mövsümdə komanda üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də addımlar atılıb. Futbolçuların kirayə və qidalanma xərclərinin bir qismi qarşılanıb.
Növbədə isə iki aylıq əməkhaqqının ödənilməsidir. Bu məsələnin də yaxın günlərdə həllini tapacağı gözlənilir.
Klub rəhbərliyi məşqçi və futbolçu heyəti ilə danışıqlardan sonra komandanı növbəti oyuna çıxmağa razı sala bilib.
Beləliklə, “Mingəçevir” noyabrın 14-dən məşqləri bərpa edib və Samir Məmmədovun rəhbərliyi altında qarşıdakı matça hazırlaşır.
Qeyd edək ki, “Mingəçevir” noyabrın 19-da doğma meydanda “Baku Sportinq”i qəbul edəcək.
HƏBİB / SPORTİNFO.AZ
