Toral Bayramovun “Bursaspor”da işləri qaydasında getmir.
“Qarabağ”dakı çıxışları ilə adından söz etdirən futbolçu Türkiyə klubunda özünü göstərməkdə çətinlik çəkir.
Şans qazandığı matçlarda komandasına fayda verə bilməməsi azmış kimi, “Antalyaspor”la görüşdə avtoqola imza atdıqdan sonra bir qədər də gündəmə gəldi.
“Bursaspor” camiəsi, daha doğrusu, azarkeşləri Toralı legioner futbolçu və xilaskar kimi qəbul etmir, hər fürsətdə sosial şəbəkələrdə məsxərə obyektinə çevirirlər.
Hazırkı məqamda Toral üçün ən uyğun variant Bursanı tərk edərək karyerasını başqa ölkə və ya şəhərdə davam etdirməkdir. Lakin bu da heç də asan iş deyil.
Əvvəla, ona görə ki, 25 yaşlı futbolçu sərfəli şərtlərlə 3 illik müqavilə imzalayıb. Üstəlik, ailəsini və övladlarını da Türkiyəyə aparıb, belə deyək, yaxın gələcəyini qardaş ölkəyə uyğun planlayıb.
“Bursaspor”da qalmasının ziyanına işləyəcəyi görünür. Azərbaycan millisinin şərəfini qoruyan futbolçunun adı Polşa təmsilçisi “Rakuv”la yanaşı hallanır. Əldə etdiyimiz məlumata görə, Mahir Emrelinin də çıxış etdiyi klub həmyerlimizi icarəyə götürmək istəyir.
Bütün bu yaşananlar, eləcə də Toralın “Bursaspor”dan ayrılıb-ayrılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirmək üçün meneceri Tural Əsgərovla söhbətləşdik.
Təcrübəli agent Sportinfo.az-a müştərisi ilə bağlı bunları bildirdi:
“Toral Bayramov milli komandanın oyunlarından sonra “Bursaspor”un düşərgəsinə yollanacaq. Futbolçunun klubla müqaviləsi var.
Onun böyük potensialı var və indikindən daha yaxşı çıxış edə bilər. Yəqin ki, bunu klub rəhbərliyi və baş məşqçi də anlayır.
Sadəcə, bəlkə də müəyyən vaxta ehtiyacı var. Toral Bayramov hazırda bütün diqqətini komandasına və öz çıxışına yönəldib.
O da çalışır ki, ümidləri doğrultsun, komandaya maksimum fayda versin. Hamımız Toraldan daha yaxşını gözləyirik.
Dediyim kimi, hazırda Bayramovun bütün diqqəti “Bursaspor”un məşqlərinə və oyunlarına yönəlib. Gələcəkdə nələrin baş verəcəyini isə zaman göstərəcək”.
Maraq üçün bildirək ki, Toral Bayramov Bursasporun heyətində meydana çıxdığı 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB
