“Heç birinə azarkeşlik etməyəcəyəm, hamı bilir ki...” – “Neftçi”nin xilaskarı

21:20 Neftçi 70
“Heç birinə azarkeşlik etməyəcəyəm, hamı bilir ki...” – “Neftçi”nin xilaskarı

Çempionluq yolunda iddiasını ortaya qoyan “Neftçi” növbəti qələbəsinə sevindi.

“Ağ-qaralar” Premyer Liqanın 11-ci turunda ikinci hissədə meydana daxil olan Alen Şkribekin vurduğu yeganə qol sayəsində “Kəpəz”i Gəncəyə məğlub yola saldı.

Sportinfo.az-a müsahibə verən macar xilaskar həm matçla, həm də digər məqamlarla bağlı sualları cavablandırıb.

- Bu cür çətinliklə üzləşməyiniz təəccüblü görünmədi ki?

- “Kəpəz”in oyununu təhlil edəndə güclü rəqib olduğunu anlamışdıq. Son görüşlərdə qazandığı nəticələr də matçın gərgin keçəcəyindən xəbər verirdi. 1:0 hesabı ilə qalib gəldik, lakin hesab arasındakı fərq böyük ola bilərdi. Qol vurduğum və qələbə qazandığımız üçün ikiqat sevincliyəm.

- Bir növ oyunun qəhrəmanı oldun. Adətən sonradan meydana çıxan futbolçular qol vuracağını hiss edir. Səndə bu baxımdan vəziyyət necə idi?

- Açığı, sırf qol vurmaq barədə düşünmürdüm. Məqsədim verilən tapşırıqları yerinə yetirmək və mümkün qələbədə pay sahibi olmaq idi. “Qarabağ”ın “Turan Tovuz”a məğlub olması qələbə istəyini bir az da artırmışdı. Lider mövqeyindəki yerimizi qorumaq lazım idi.

- Bazar günü “Sabah” “Şamaxı” ilə qarşılaşacaq. Hansı komandaya azarkeşlik edəcəksən?

- (gülür) Heç birinə azarkeşlik etməyəcəm. Hamı bilir ki, bizim üçün yaxşı olan nədir. Rəqiblərin nə etməsindən çox bizi “Neftçi”nin qələbələri maraqlandırmalıdır. Biz hər matçı 3 xalla başa vursaq, başqalarının nə etməsi önəm daşımayacaq.

- Qələbələri sıraladığınız dönəmdə milli fasiləsinin yaranması yəqin ki, əhvalınızı korladı.

- Qələbə seriyası yaxalayanda adam bu şəkildə yoluna davam etmək istəyir. Ancaq bu iş elədir ki, istəsək də, istəməsək də, fasilə olmalıdır. Fikrimcə, 10-12 günlük fasilə daha çox çalışmaq, qarşıdakı görüşlərə hazırlaşmaq baxımından işimizə yarayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti