Məlum olduğu kimi, I Liqada çıxış edən "Gəncəbasar"a yeni prezident təyin olunub.
Gəncə klubunun rəhbəri bundan belə Namik Qədirov olacaq.
O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.
Avqustdan bəri həmin vəzifəni Həşim Mövsümzadə tuturdu. Sözügedən şəxs uzun illər SOCAR-da çalışıb. Elə Namik Qədirov da neft şirkətinin keçmiş əməkdaşıdır.
Biz bu zatı «Kəpəz»dən tanıyırıq. Qədirov 2025-ci ilin yanvar-iyun ayları ərzində Gəncə təmsilçisinin İdarə Heyətinin sədri olub.
«Sarı-göylər»ə başçılıq etməsinin qısamüddətli alınması klubun ovaxtkı sponsorlarıyla problem yaşamasıyla əlaqədardır. Belə ki, Adil Vəliyev və ətrafı ilə baxışları üst-üstə düşmədiyindən, sədr vəzifəsindən gedib.
Namik Qədirovun "Gəncəbasar"a təyinatı İlqar Nadirinin təşəbbüsü ilə gerçəkləşib. "Kəpəz"dən bir-birini tanıyan cütlük yeni iş yerində birləşmək qərarına gəlib.
Bu təyinat aşağı liqa təmsilçisinin maddi rəfahına müsbət təsir göstərməlidir. Çünki İsveçrədə yaşayan və orada özünə biznes quran Qədirov onlara maliyyə dəstəyi verməyə razılaşıb.
"Gəncəbasar" 7 tur ərzində 16 xal toplayıb. Trunir cədvəlində ikinci yerdə gedən qərblilərin Qədirovun gəlişiylə daha da iddialı olması gözlənilir. İştah diş altındadır. Pul varsa, pul olacaqsa, niyə də yox?!
SPORTİNFO.AZ


