«Səbail»in bir qrup futbolçusu redaksiyamızla əlaqə saxlayıb.
Saytımıza müraciət edən oyunçular I Liqada çempionluq uğrunda mübarizə aparan klubun çöküş mərhələsində olduğunu bildiriblər.
Onların sözlərinə görə, hazırda düşərgələ ab-hava çox pisdir:
«Bugünlərdə Bahadur Həziyev sizə açıqlama verib ki, «Səbail»də ciddi problem yoxdur, maaşlar çox da gecikmir. Düz danışmır o.
İki aydan çoxdur burada əməkhaqqılar gecikdirilir. Pulu gah bank yoluyla alırıq, gah da nəqd şəkildə.
Öz aramızda demək olar hər gün bu barədə danışırıq. Bizə də maraqlıdır ki, kluba sponsorluq edən şəxslər niyə belə edirlər?
Büdcə ayrılıbsa, niyə bütün komandaya eyni vaxtda maaş verilmir? Yeddi legionerimiz var, yeddisi də pulsuzluqdan ağlayır.
Hamımız ev-eşiyə baxan adamlarıq, pul qazanmaq üçün futbol oynayırıq. O pul da verilməyəndən sonra…
Sponsorlardan biri gəlib maraqlanmır. Soruşmur ki, nə edirsiz, niyə belə oynayırsız? Soruşsunlar, biz də deyək ki, filan-filan problemlər var.
Mirzə Bayrampul məşqlərə tez-tez gəlir, sonra ona yaxınlaşanlara bir-iki vəd verib çıxır aradan. Prezidentdir guya.
«Maaşı bu gün-sabah ödəyəcəyik» deyə-deyə, hamını yola verir.
«Səbail» Premyer Liqaya iddialıdır? Necə iddialıdır ki, bəzən içməyə adi su tapmırıq.
Gah orada məşq edirik, gah burada. Sponsorlardan xahiş edirik ki, öz adamlarını komandanın içinə göndərsinlər. Gəlsinlər, dərdimizi deyək.
Bəlkə doğrudan da, maliyyə çətinlikləri onlardan qaynaqlanır? Bizə düzünü desinlər, işimizi bilək.
Yox, probem Mirzədirsə, ona bir tədbir görsünlər. Axırıncı dəfə danışanda dedilər ki, birinci gün (bu gün) hamının pulu ödəniləcək. Görək, yenə bizi aldatmasalar yaxşıdır».
SPORTİNFO.AZ
