"Neftçi" 10-cu turda "Sabah" və "Qarabağ"ın xal itirməsini bağışlamadı. Amma “ağ-qaralar”ın Şamaxı səfərində qazandığı qələbənin heç də asan başa gəlmədiyini də qeyd etməliyik.
Azər Bağırovun formalaşdırdığı kollektiv digər oyunlarda olduğu kimi, bu dəfə də inadkarlığı ilə seçildi. "Şamaxı" 90 dəqiqə mübarizə apardı, necə yaxşı komanda olduğunu növbəti dəfə göstərdi. Meydan sahibləri sanki zəli kimi "Neftçi"nin yaxasından yapışmışdı, rəqibə rahat nəfəs almağa imkan vermirdi.
Təsadüfi deyil ki, iki dəfə hesabda geri düşmələrinə baxmayaraq, hesabı bərabərləşdirməyi bacardılar. Xüsusilə, ikinci qolu qeyd etməliyik. Bouali tərəfindən cərimə zərbəsindən möhtəşəm qol vuruldu.
"Neftçi" yalnız üçüncü cəhdində üçüncü qolu vuraraq qələbəni təmin edə bildi.
Mütləq qeyd etməliyəm ki, "Neftçi" elə möhtəşəm oyun nümayiş etdirmədi. Amma çempionluq yolunda elə matçlar var ki, orada yaxşı oynamaqdan daha vacib olan üç xalı qoparmaqdır. "Neftçi" Şamaxı səfərində məhz bunu bacardı. Çətin səfərdən vacib qələbə ilə qayıtdı.
Belə məqamlarda futbolçuların fərdi keyfiyyəti ön plana çıxır. "Neftçi"nin oyunçuları da öz keyfiyyətlərini ortaya qoya bildilər.
Klismanın vurduğu qol buna yaxşı nümunədir. İlk baxışdan sadə görünən baş zərbəsində topun yerə vurularaq tora göndərilməsi mühüm məqam idi. Çünki futbolçu topa birbaşa zərbə endirsəydi, qapı xəttində dayanan müdafiəçinin onu çıxarmaq şansı böyük olardı.
Breno Almeydanın qolu isə sadəcə şedevr idi. O, məsuliyyəti üzərinə götürdü, topu qəbul etdi və bir neçə müdafiəçini keçərək uzaq küncə elə zərbə vurdu ki, qapıçı tamamilə aciz qaldı. Əsl ustalıq nümunəsi...
Yaxşı oyun keçirən futbolçulardan danışırıqsa, Rüfət Abbasovu mütləq qeyd etməliyik. "Neftçi" hücumlarının böyük hissəsini məhz onun çıxış etdiyi sol cinahdan qururdu. Rüfət bu dəfə də məhsuldar ötürmə ilə yadda qaldı. Sol cinah müdafiəçisi olmasına baxmayaraq, sağ ayağı ilə ideal ötürmə verdi.
Ümumiyyətlə, "Neftçi" yay fasiləsində ondan çox futbolçu transfer edib. Həmin oyunçular arasında yeganə yerli futbolçu Rüfət Abbasovdur. Məncə, "Neftçi" azarkeşləri də razılaşar ki, indiki məqamda yay transferlərinin ən uğurlusu məhz Rüfətdir. Millimizin üzvü 10 tur ərzində bir qol və beş məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi üçün kifayət qədər yüksək göstəricidir.
Şkribek ilk oyunlarda gələcəyə ümid verirdi. Ancaq son matçlarda gözləntilərin bir qədər altında qalır. Varqas böyük səs-küylə geri qaytarıldı. Lakin ötənilki Varqasla müqayisədə sanki yalnız adı qalıb. Hələ də özünə gələ bilmir. Azarkeşlərin görmək istədiyi, gözlədiyi Varqas bu deyil.
"Neftçi"nin futbol potensialından danışanda xüsusilə ön xətt və yarımmüdafiə diqqət çəkir. Təsadüfi deyil ki, komanda hazırda çempionatın ən məhsuldar kollektividir. 25 qolla hətta "Sabah"ı və "Qarabağ"ı da qabaqlayır.
Ancaq müdafiə planında eyni sözləri demək mümkün deyil. "Neftçi" indiyədək 11 qol buraxıb. Bu göstərici həm "Qarabağ"dan, həm də "Sabah"dan geri qalır. Hətta "Kəpəz" belə "Neftçi"dən az qol buraxıb.
Müdafiə xəttindəki boşluqlar açıq-aydın görünür. Məncə, "Neftçi" çempion olmaq istəyirsə, qış fasiləsində heyətini, xüsusilə də müdafiə xəttini gücləndirməlidir. Bu, həm qapıçı mövqeyinə, həm stoperlərə, həm də hücumlara daha çox qoşula bilən keyfiyyətli sağ cinah müdafiəçisinə aiddir.
Düzdür, müdafiədəki problemlərin bir hissəsi "Neftçi"nin hücum futboluna üstünlük verməsindən qaynaqlanır. Görürük ki, komanda hücuma çıxarkən bəzən 6-7 futbolçu ilə irəli atılır. Bu da təbii olaraq arxada boşluqlar yaradır və buraxılan qollara təsir göstərir. Bu məqamı da gözdən qaçırmaq olmaz. Ancaq ümumi mənzərəyə baxanda "Neftçi"nin müdafiəyə yeni transferlərə ehtiyacı olduğu açıq görünür.
Nəzərə alaq ki, çempionluq uğrunda mübarizə aparmaq üçün kifayət qədər əlverişli şərait yaranıb. Son illərdə "Neftçi"ni çempionluq yolunda bu qədər iddialı və inamlı gördüyümü, açığı, xatırlamıram. Üstəlik, əsas rəqibləri də buna müəyyən mənada şərait yaradır.
"Sabah" Çempionlar Liqasında mübarizə aparır. "Turan Tovuz"la oyun göstərdi ki, bu komanda iki cəbhədə çətinlik yaşaya bilər. Ötən mövsüm 'Qarabağ"ın timsalında da bunun nümunəsini görmüşük.
"Qarabağ"ın özündə də kifayət qədər problemlər var. Komanda hələ də yenilənmə mərhələsini arxada qoya bilmir, ciddi xal itkilərinə yol verir. Bütün bunların fonunda "Neftçi" üçün gözəl fürsət yaranıb. Komanda 90 illiyində azarkeşlərinə çempionluq hədiyyə edə bilər. Qalır bu şansı dəyərləndirmək.
Sonda hakimliklə bağlı diqqətimi çəkən iki epizoda da toxunmaq istəyirəm. Birincisi, Klismanın iştirakı ilə yaşanan epizodda penalti olub-olmaması sual doğurdu. İkincisi isə Emil Balayevin baş zərbəsindən sonra qapı xəttindən çıxardığı topun qapını keçib-keçməməsi ilə bağlıdır.
Hər iki epizod müzakirəyə açıqdır. Təəssüf ki, nə təkrarlarda, nə də digər görüntülərdə qərar verməyə imkan yaradan keyfiyyətli, yaxın planlı kadrlar təqdim olundu. Buna görə də hər iki epizod mənim üçün şübhəli olaraq qaldı. Əminliklə fikir bildirmək çətindir.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
