Böyüklərin qapazaltısı, kiçiklərin ağası

17:20 Milli komanda 75
Böyüklərin qapazaltısı, kiçiklərin ağası

Azərbaycan millisi 2026-cı ili xoş xəbərlərlə başa vurdu.

İlin sonuncu qarşılaşmasında yoldaşlıq görüşü çərçivəsində Andorranı səfərdə 3:1 hesabı ilə məğlub edən yığmamız bununla da cari ildə 7-ci qələbəsini qazandı.

Beləliklə, milli komandamız 2026-cı ildə Ayxan Abbasovun rəhbərliyi altında keçirdiyi 10 oyunun 7-də qalib gəldi, 2-də heç-heçə etdi, yalnız birində Maltaya məğlub oldu.

Yığmamız martda ölkəmizdə təşkil olunan FIFA Series-2026 turnirinin qalibi oldu, Millətlər Liqasının D Liqasının 2-ci qrupunu da birinci pillədə başa vurdu. Düzdür, digər qrupun qalibi Malta vurduğu topların sayına görə komandamızı üstələdi. Lixtenşteyni Bakıda udsaydı, ya da səfərdəki görüşdə daha 1 qol vursaydı, D Liqasının qalibi olacaqdı.

Nəticə etibarilə, hər şey yaxşı görünür. Ancaq qarşılaşdığımız rəqiblərin adlarına nəzər salanda bir qədər dərindən düşünməli oluruq. Lixtenşteyn, Andorra, San Marino, Malta, Sent-Lüsiya, Syerra-Leone, Tacikistan, Litva…

Göründüyü kimi, bu il, demək olar ki, bütün hallarda özümüzdən zəif hesab edilən, dünya futbolunun autsayderləri sırasında yer alan komandalarla qarşılaşmışıq.

Azərbaycan millisinin hazırkı durumu məhz zəiflərin, cırtdanların arasında qalib olmağa imkan verir. Təəssüf ki, bundan artığı hələlik mümkün görünmür. Səbəblər kifayət qədər çoxdur. Saatlarla danışsaq, bitməz.

Söhbət, ilk növbədə, ölkədə keyfiyyətli futbolçuların çatışmazlığından, azərbaycanlı futbolçuların böyük əksəriyyətinin – bəlkə də 80-90 faizinin – ölkə çempionatında çıxış etməsindən, onların bir çoxunun ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilməsindən gedir.

Bacarıq və ustalıq keyfiyyətlərinin aşağı olması, futbolçularımızda fərdi keyfiyyətlərin çatışmazlığı və təbii ki, Azərbaycan futbolunun illərdir həll edə bilmədiyi “vuran ayaq” problemi də əsas səbəblərdəndir.

Hazırkı milli komandada ümid 2-3 nəfərin xüsusi bacarığına qalıb ki, Mahir Emreli ilə Toral Bayramov kimi legionerlər əllərinə düşən 10 qol fürsətindən 1-2-sini güc-bəla ilə qola çevirməyi bacarır.

Reallıqla barışmalıyıq. Azərbaycan millisi böyüklərin arasında kiçik, kiçiklərin arasında isə böyük görünür. Hazırkı vəziyyətdə bundan artığını gözləmək çətindir. Yəqin ki, yaxın 5-10 ildə də ciddi dəyişiklik baş verməyəcək.

Aşağı yaş qruplarından ibarət komandalarımızın hazırkı durumu göz qabağındadır. 17, 19 yaşadək futbolçulardan ibarət yığmalarımızda futbolun nə olduğunu belə anlamayan, normal oyun nümayiş etdirə bilməyən, qapazaltı statusu ilə barışan futbolçulardan sonradan nəsə gözləmək ağılsızlıq olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti