İLGİNC OLAY! Prezident komandanı qara günə qoymuş şəxsi müdafiə etdi

15:00 I Divizion 105
İLGİNC OLAY! Prezident komandanı qara günə qoymuş şəxsi müdafiə etdi

Deyəsən, «Səbail»in prezidenti Mirzə Bayrampur gec də olsa, səhvini anlayıb.

O, futbolçuların Elnur Abdullayevə barmaqarası yanaşmasını, sözünü dinləməməsini, nəhayət ki, dərk edib.

Bir neçə ay öncə klubun rəhbərliyinə gəlmiş şəxs ötən gün komanda üzvləri ilə görüş keçirib. Oyunçulardan ona verilən vədi yerinə yetirmələrini istəyib.

Demə ki, «dənizçilər» derbidə «Şahdağ»a 0:1 hesablı məğlubiyyətdən sonra Bayrampura 6 oyunluq qələbə vədi verib. Bu söhbətin ardından «Gəncəbasar»la qarşılaşan komanda qonaqlara qalib gəlməyi bacarmayıb (2:2).

«Səbail» hazırda anarxiyaya təslim olub. Hər halda I Liqanın geridə qalan 7 turu ərzində cəmi 12 xal toplaması və liderlər qrupundan uzaq düşməsi bunun nəticəsidir.

Bu azmış kimi, düşərgədən mediaya durmadan xəbərlər sızır. Onlardan bir neçəsini də biz işıqlandırmışıq.

Elə gün olmur ki, qafilə içindən redaksiyamızla əlaqə saxlayıb, hadisələrin gedişi barədə əməkdaşlarımızı məlumatlandırmasınlar.

Dünən də xəbər vermişdik ki, Elnur Abdullayev kollektiv daxilində «xain» axtarışına çıxıb. Baş məşqçi öz köməkçilərini və digər əməkdaşları da toplantını təşkil etdiyi məkana buraxmayıb.

Oyunçulardan bir neçəsinin redaksiyamıza verdiyi məlumata görə, onlar Abdullayevla bərabər yığıncaq yerinə gəlsə də, sükançı qapını arxadan üzlərinə bağlayıb.

Hətta bəzi klub funksionerləri də ora daxil ola bilməyib. Abdullayev təqribən 15-20 dəqiqə söhbət edib, kollektiv üzvlərinə «vacib mesaj»ını çatdırıb.

Komandadan informasiya çıxmasını pisləyib, ümumi danışıb, kimlərdən şübhələndiyini isə açıqlamayıb. Çempionatın növbəti oyunlarına hazırlaşmalı olduqlarını, rəhbərliyin ona inandığını (?) deyib.

Əgər Abdullayevin keçirdiyi bu yığıncaq kifayət etsəydi, Bayrampur ondan sonra kollektiivlə görüşməz, ardınca məşqçi korpusunu bir araya gətirməzdi.

Baş məşqçinin sözünün kəsəri, futbolçular yanında hörməti yoxdur ki, o da belə edir. Əks halda, hər gün bir iclasın çağrılmasına nə ehtiyac var?

Mirzə Bayrampur axmaq və ya sadəlövh biri deyil. Əlbəttə, kor da deyil. Nəyi də başa düşməsə, bunu başa düşür ki, komanda nəzarətdən çıxıb, Elnur Abdullayevi sayan, hörmət edən yoxdur.

Bəs niyə vəziyyəti dəyişməyə cəhd göstərmir? Konkret səbəbi var, onu da açıqlayacağıq. Bizi izləməkdə davam edin…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti