ULTİMATUM! “500 min də versələr də, onu buraxmayacağıq”

19:40 I Divizion 68
ULTİMATUM! “500 min də versələr də, onu buraxmayacağıq”

I Liqanın bombardirlər yarışında Dileyn Açimi küləyi əsir.

Kamerunlu futbolçu rəqib tanımadan qarşısına çıxan komandaların qapısına yol tapır.

Təsadüfi deyil ki, “Gəncəbasar”ın “9 nömrə”si geridə qalan 7 turda rəqib qapılarına 13 qol vurmağı bacarıb.

Ötən mövsüm “Cəbrayıl”ın heyətində çempionat ərzində 14 dəfə fərqlənən Dileyn bu dəfə cəmi 7 turda həmin göstəriciyə yaxınlaşmaqla səviyyəsini ortaya qoyub.

Ucaboy hücumçunun məhsuldarlığı Premyer Liqa təmsilçilərinin də diqqətindən yayınmayıb.

Məlumata görə, bir neçə elita klubu qış fasiləsində Açimini heyətinə qatmaq niyyətindədir. Hətta bunun üçün Gəncə təmsilçisinə müəyyən məbləğdə təzminat ödəməyə də hazırdırlar.

Lakin “Gəncəbasar” bombardirini heç yerə buraxmaq fikrində deyil.

Komandanın baş məşqçisi Elhad Nəziri Sportinfo.az-a açıqlamasında bu məsələdə son nöqtəni qoyub:

“Açiminin bizimlə birillik müqaviləsi var. Onu heç yerə buraxmaq fikrimiz yoxdur.

Bu barədə klubun rəhbəri Namik müəllimlə (“Gəncəbasar”ın prezidenti Namik Qədirov - H.) söhbətimiz olub. Açimi üçün 500 min də versələr, heç yerə buraxmayacağıq.

Açimi indiyə qədər də I Liqada oynayırdı və qollar vururdu. Bəs niyə o vaxta qədər başqa klublar onu heyətinə cəlb etmirdi?

Ötən mövsüm “Cəbrayıl”ın heyətində 14 qol vuraraq məhsuldarlığını ortaya qoymuşdu. Yayda onu komandamıza dəvət etdik və o, indi də qol vurmaqda davam edir.

Bir daha qeyd edirəm ki, onun bizimlə müqaviləsi mövsümün sonuna qədərdir. Ən azı may ayına qədər “Gəncəbasar”ın şərəfini qoruyacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti