Son illərdə Azərbaycan futbolunda aşağı liqadan başlayaraq, Premyer Liqaya, hətta əsas milli komandaya qədər yüksələn futbolçuların nümunələri də var.
Bu baxımdan “Araz-Naxçıvan”ın 2022/2023 mövsümündəki uğurlu çıxışını xatırlamaq olar.
Həmin mövsüm I Divizionun çempionu olan Naxçıvan təmsilçisi ilə birlikdə bir neçə futbolçu da yüksək liqaya yüksəldi.
Orxan Əliyev həmin mövsüm 27 qolla I Divizionun bombardiri oldu. O, “Araz-Naxçıvan”ın Premyer Liqaya vəsiqə qazanmasında mühüm rol oynadı.
Növbəti mövsümdə isə artıq yüksək liqada çıxış edərək 32 oyunda 9 qol vurdu.
Vadim Abdullayev də “Araz-Naxçıvan”ın yüksəlişində iştirak edən futbolçulardan idi. Onun karyera yolu daha diqqətçəkən nümunələrdəndir:
Region Liqasından I Diviziona, oradan Premyer Liqaya və nəhayət Azərbaycan milli komandasına qədər yüksəliş. Abdullayev 2024-cü ildə Azərbaycan millisində debüt etdi və əsas yığmada bir oyun keçirdi.
Bu nümunələr göstərir ki, aşağı liqa futbolçular üçün karyeralarını yenidən qurmaq, özlərini sübut etmək və daha yüksək səviyyəyə yüksəlmək baxımından mühüm platformaya çevrilə bilər.
Digər tərəfdən, son illərdə Premyer Liqa ilə I Liqa arasında komanda və futbolçu hərəkətliliyinin artması da diqqət çəkir. Yüksək liqadan aşağı liqaya düşən klublar, aşağı diviziondan elitaya yüksələn kollektivlər çempionatlararası rəqabəti daha da gücləndirirlər.
Bu baxımdan “Cənbəbasar”ın kamerunlu hücumçusu Dileyn Açiminin mümkün transferi də I Liqada fərqlənən futbolçuların daha yüksək səviyyədə şans əldə edə biləcəyini göstərən növbəti nümunə ola bilər.
Çempopnatda 7 tura 13 qol vuran 21 yaşlı forvardın qarşısında indi daha ciddi sınaq dayanır. I Liqada nümayiş etdirdiyi məhsuldarlığı Premyer Liqada da davam etdirə biləcəkmi?
Bir məsələ isə aydındır: I Liqa artıq futbolçuların diqqətdən kənarda qaldığı deyil, özünü göstərərək daha yüksək səviyyəyə yüksələ bildiyi bir platformaya çevrilməkdədir.
SPORTİNFO.AZ
